"Yanvar ayında Dağlıq Qarabağda müharibə başlaya bilər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın "Arqumentı nedeli" nəşri yazıb.
Yazıda bildirilir ki, Dağlıq Qarabağ ətrafında vəziyyət mürəkkəbləşir: "Praktik olaraq hər gün Ermənistan və Azərbaycan KİV-ləri və siyasətçiləri atəşkəs rejiminin pozulmasında bir-birilərini ittiham edirlər, ölümlərin olduğu haqda məlumat verirlər”.
Moskvadakı hərbi-diplomatik mənbə bildirib ki, hazırda vəziyyəti sabitləşdirmək üçün iki plan mövcuddur: "Birinci planı ABŞ və Fransa təklif edib ki, bu, ATƏT nümayəndələrinin sayını artırmaq və onların müşahidə və nəzarət üçün texniki vasitələrlə təchiz edilməsini nəzərdə tutur. Biz hesab edirik ki, bu, münaqişənin həllinə kömək etməyəcək. Biz sülhməramlı kontingentin yerləşdirilməsini təklif edirik. Lakin Bakı bunun qəti əleyhinədir”.
Mənbə qeyd edib ki, qərarı gecikmədən qəbul etmək lazımdır: "Belə ki, Azərbaycanın "Su-24” təyyarəsinin vurulması ilə bağlı Türkiyəni dəstəkləməsindən sonra Qafqazda böhranın dərinləşməsi Ankara və Vaşinqtona sərf edir, bu yolla onlar Rusiyanın qüvvələrini Suriyadan yayındırmaq istəyirlər”.
Nəşrin yazdığına görə, Rusiyanın Cənub Hərbi Dairəsindən Gümrüdəki hərbi bazasına təcili şəkildə döyüş və nəqliyyat helikopterləri, zirehli texnika və şəxsi heyət göndərilir. Təkcə dekabrda Gümrüdəki bazaya 13 ədəd "Mİ-24P” hücum və "Mi-8 MT” nəqliyyat helikopterləri gətirilib.
"Biz bu gün Qafqazda, xüsusən də Qarabağ münaqişəsi ilə zonasında baş verənləri - ağır artilleriya və tanklardan istifadə nəticəsində mülki əhali arasında ölüm hallarını böyük həyəcanla izləyirik”. Bunu isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.
N. Bordyuja qeyd edib ki, münaqişənin eskalasiyasının qarşısı alınmalıdır.
"Dövlətlərimizin siyasi resursları vəziyyətin gərginləşməsinin qarşısı almağa yönəlməlidir ki, irimiqyaslı hərbi münaqişə baş verməsin. Baş verə biləcək bu dəhşətli hadisə bütün Qafqazda partlayışa səbəb ola bilər”, - deyə N. Bordyuja qeyd edib.
O bildirib ki, münaqişənin həlli üçün siyasi metodlardan istifadə etmək lazımdır.
Xatırladaq ki, dekabrın 21-də Moskvada KTMT sammitində Ermənistan prezidenti Serj Sarkisyan quruma üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək Azərbaycanın atəşkəsi pozmaqla Astana, Düşənbə, Moskva və Minskə də atəş açdığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan rəhbərliyinin çıxışını avantüra adlandıraraq bunu hərbi diktatura rejimləri üçün xarakterik xüsusiyyət olduğunu bəyan edib.