Fransanın paytaxtı Parisdəki terror olaylarının əks-sədası davam edir. Olayların təşkilatçısının belçikalı olması və Belçikadan idarə edilməsi barədə artıq rəsmi açıqlamalar verilir. Fransa prezidenti Fransua Olland parlamentdə çıxışı zamanı bildirib ki, hücumlar Suriyada planlaşdırılıb, bəzi fransızların köməyilə Belçikadan idarə edilib.
Baki-xeber.com xəbər verir ki, Fransanın paytaxtı Parisi qana boyayan hücumların əmrini verən şəxsin ad da açıqlanıb. Fransız səlahiyyətlilər qırğının əsas təşkilatçısının belçikalı Abdulhəmid Abaaoud olduğunu bildirir.
"The Guardian”ın iddiasına görə Fransadan gələn açıqlamadan sonra Belçika polisi Abaaoudanı tutmaq üçün əməliyyatlara başlayıb. Ancaq "Reuters” agentliyi Paris qırğınının arxasındakı şəxsin - Abaaoudun Suriyada olduğunu bildirir.
Çoxlarının İŞİD-ə qoşulmasına dəstək verən və sonra onları müəyyən missiya üçün Avropaya göndərən Abaaoud 13 yaşlı qardaşını də özü ilə birlikdə Suriyaya döyüşməyə aparıb. "Daily Mail” qəzetinə görə əvvəllər "Avropanın cihad paytaxtı" kimi xarakterizə edilən Molenbeekdə yaşayan Abaaoudun 129 nəfərin öldürüldüyü hücumları Suriyadakı bazadan idarə etdiyi ehtimal edilir.
Fransa daxili işlər naziri Parisdəki hücumların ardından ölkə ərazisində 168 əməliyyat keçirildiyini bildirib. Əməliyyatlar zamanı 23 nəfər həbs edilib, 31 silah ələ keçirilib, 104 nəfər isə ev dustağı edilib.
Parisdəki terror hücumları ilə əlaqədar Belçikanın adı tez-tez çəkilir. Ümumiyyətlə Belçika son illərdə Avropada radikalların ən sürətli yayıldığı ölkələrdən birinə çevrilib.
Ölkə rəhbərliyinin əks tədbirləri isə yetərsiz sayılır. Ancaq müşahidəçilər Belçikanın itirəcək vaxtının olmadığını düşünür. Araşdırmalara görə, 2011 – 2013-cü illər arasında Suriya və İraqa təxminən 11 min yaraqlı gedib. Bunların ən azı beşdə biri Qərbi Avropa ölkələrində yaşayanlardan ibarət olub. İŞİD-ə qoşulan yaraqlıların mənsub olduğu ölkələrin başında isə Belçika gəlir. Bu ölkədən 296 radikalın Orta Şərqə getdiyi təxmin edilir. Səkkiz Belçika böyüklükdə olan Almaniyadan isə cihada qatılmaq üçün gedənlərin sayı 240-ı o tərəfə keçmir. Belçika milyonda 27 radikalla ən çox avropalı cihadçı olan ölkə sayılır.
Araşdırmalar həddindən artıq radikallığın bir çoxları üçün cəlbedici edən səbəblərini də ortaya qoyur. Belə ki, Belçikanın ən kasıb bölgələri arasında yer alan Verviersdə 53 minlik əhalinin 15 faizini miqrantlar təşkil edir. Bu kiçik şəhərdə 117 millətdən əcnəbi yaşayır. Ölkənin ən böyük ikinci çeçen qaçqın qrupuna ev sahibliyi edən Verviersdəki radikal fikirlilərin şiddətə nə qədər meylli olduğu 2015-ci ildə ortaya çıxmışdı. Anti-terror əməliyyatı zamanı polisə atəş açan iki nəfər öldürülmüşdü.
Digər tərəfdən Belçika daxilində müsəlmanlar ayrı-seçkiliyə məruz qalır. Ölkə əhalisinin 6 faizi müsəlmanlardan ibarətdir. Yaxşı dil bilsələr və bu ölkədə doğulmuş olsalar da belə onlara qarşı ayrı-seçkilik yenə müşahidə edilir. Belçikanı tənqid edən Amnesty Internatonal müəssisələrin dini mənsubiyyətə görə müsəlmanları işə götürmədiyi və bundan daha çox hicablı qadınların təsirləndiyini bildirir. Ayrıseçkiliyə məruz qalanlar isə radikallar tərəfindən asan yemə çevrilir.
Bu problemlərin çılpaqlığı ilə ortada olmasına baxmayaraq Belçika hökumətinin atdığı addımlar simvolik olmaqdan o tərəfə keçmir.
Mütəxəssislərə görə Paris olayları Belçikada ayrı-seçkiliyin nə qədər təhlükəli bir səviyyəyə çatdığını göstərir. Hətta bununla bağlı Belçikaya kənardan təzyiq edilməsini təklif edənlər də az deyil. Onların fikrincə Belçikanın bu duruma passiv yanaşmasına son olaylardan sonra ən azından Fransa seyrçi qalmayacaq.