Vyanada Suriya zirvəsində ilk razılaşma əldə edilib. Baki-xeber.com xəbər verir ki, Suriyada 4 ildən çoxdur davam edən vətəndaş müharibəsinə son qoymaq üçün Türkiyə, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ikinci dəfə Vyanada toplaşıblar.
Zirvədə "konkret bir təqvim" planı ortaya qoyulub. İştirakçı ölkələr ilk 6 ayda keçid hökuməti qurulmasını və 18 ay ərzində də Suriyada seçkilərin edilməsini nəzərdə tutur. Bəşər Əsədin aqibəti isə yenə naməlum olaraq qalır.
Almaniya xarici işlər naziri Frank-Valter Steinmeier keçid prosesinin 18 ayda yekunlaşması mövzusunda razılaşdıqlarını bildirib: "Bu müddət daxilində 6 ay içində Suriyada keçid hökuməti qurulacaq".
ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriyada 18 ay ərzində Konstitusiya hazırlanacaq, sonra seçkiyə gediləcək. Kerri bildirib ki, Suriyada siyasi proses yanvarın 1-dən başlayacaq və məqsəd 18 ay ərzində seçkilərə getməkdir. O, prosesləri dəyərləndirmək üçün təxminən 1 ay ərzində ölkə nümayəndələrinin yenidən toplanacağını bildirib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü də Suriyada atəşkəs qərarı ilə bağlı razılığa gəlib. Ancaq Kerri bu atəşkəsin İŞİD, Nusra və ya digər terrorçu qruplara şamil edilmədiyini qeyd edib.
Toplantıdan sonra yığıncaq iştirakçı nazirlər Türkiyədə keçirilən G-20 toplantısına qatılmaq üçün Antalyaya gedəcəklər.