Paris terrorunun İŞİD tərəfindən törədildiyi xəbər verilir. Son məlumatlara görə, Almaniyada, Bavariya vilayətində bir sıra reydlər və həbslər həyata keçirilib.
Müxbirlər həbslərin Paris hücumları ilə bağlı olduğunu yazırlar.
Fransaya qonşu Belçikada da təhqiqata başlanıb.
Fransa prezidenti Fransua Olland bildirib ki, Paris basqınları ölkənin xaricində planlaşdırılıb, lakin ölkə daxilindən dəstək alıb.
O, basqınlar üçün «İslam Dövləti» adlandırılan təşkilatın məsuliyyət daşıya biləcəyini bəyan edib.
Bu arada Twitter-də yayılmış bəzi məlumatlara görə, «İslam Dövləti» qruplaşmasının «əl-Həyat» Media qolu Paris basqınlarının İD tərəfindən törədildiyini iddia edib.
Bundan əlavə İD-in yaydığı tarixsiz videomüraciətdə deyilir ki, «ABŞ koalisiyasının üzvü olduqca, Fransa əmin-amanlıq içində yaşaya bilməz».
İnternet üzərindən yayılan mesajda "Xilafət dövlətinə yaxın bir qrupun fahişəlik və əxlaqsızlığın paytaxtına hücum etdiyi" ifadəsinə yer verilir. Mesajda hücum əsnasında avtomat və kamikadze kəmərlərindən istifadə edildiyi bildirilir. Mesajda Fransanın hədəf siyahısının başında gəldiyi qeyd edildi və Fransanın İŞİD-ə qarşı hava hücumlarına toxunulur.
Fransa prezidenti baş vermiş hadisəni öz ölkəsinə qarşı «müharibə» adlandırıb.