Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, bununla əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: "Bu baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz. Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.
Birinci vitse-spiker bir neçə gün öncə Sabunçu rayonunda radikal dindarların ictimai sabitliyi pozmaq cəhdinə münasibət bildirib. "Təəssüf ki, bəzi dövlətlər, o cümlədən bəzi təşkilatlar Azərbaycanda mövcud olan tolerantlığa, ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar” –deyən Z.Əsgərov qeyd edib ki, Azərbaycan tolerant ölkədir, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər: "Biz hər bir halda radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycan xalqı bu ənənələrə həmişə sadiqdir”.
Z.Əsgərov deyib ki, Azərbaycanda kim din pərdəsi altında radikal addımlar atacaqsa, təbii ki, cəzalanacaqlar: "Azərbaycan dövləti heç bir halda imkan verə bilməz ki, Azərbaycanda mövcud olan bu sabitlik pozulsun. Təəssüf ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, amma əslində din pərdəsi altında dindən başqa onlara hər şey öyrədirlər. Hesab edirəm ki, narahatçlılıq üçün heç bir əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikri şərh edən Z.Əsgərov bildirib ki, əslində Dağlıq Qarabağ problemi SSRİ-dən qalmış bir problemdir və Rusiya da SSRİ-nin hüquqi varisidir: "Hüquqi varis kimi Rusiya bu məsələnin həll olunmasında daha çox maraqlı olmalıdır”.
Z.Əsgərov bildirib ki, çox təəssüf ki, bu günə qədər bir nəticə əldə olunmayıb: "Rusiyanın xarici işlər naziri Bakıda olanda da, Yerevanda olanda da bəyanat verdi. Əgər onlar bu məsələnin yerindən tərpənməsinə köməklik göstərmək istəyirlərsə, bu daha yaxşıdır. Amma biz məsələnin köklü surətdə həll olunmasını istəyirik. Bütövlükdə Dağlıq Qarabağ və ona bitişik rayonlarda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını istəyirik”.
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə iddialara münasibət bildirən Z.Əsgərov deyib ki, heç kim Azərbaycan ilə şərt dili ilə danışa bilməz: "Biz dəfələrlə bəyan etmişik, heç kim Azərbaycan ilə şərt dilində danışmasın, heç kim bizə şərt qoymasın. Azərbaycanın haqqı var ki, suverenliyini və ərazi bütövlüyünü bərpa etsin. O başqa məsələdir ki, Azərbaycan hansı təşkilatlarla hansı formada əməkdaşlıq edəcək. Əgər əməkdaşlıq bizim milli və dövlət maraqlarımıza cavab verəcəksə, buna baxmaq olar”.