Asif İbrahimov: “Bu layihələrə yalnız nəqliyyat infrastrukturu kimi yox, Azərbaycanın növbəti iqtisadi inkişaf modelinin elementlərindən biri kimi yanaşmaq lazımdır”
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı bəyan edib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.
Prezident Əliyev bildirib: “Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”.
Hansı yerüstü komunikasiyalardan söhbət gedir?
İqtisadçı Asif İbrahimov baki-xeber.com-a bildirdi ki, Azərbaycan üçün bunun bir neçə mühüm iqtisadi nəticəsi var.
“Cənab prezidentin açıqlaması Cənubi Qafqazda baş verən proseslərin artıq siyasi münasibətlərdən iqtisadi inteqrasiya mərhələsinə keçə biləcəyini göstərir. Burada söhbət sadəcə yeni avtomobil yolunun və ya dəmir yolunun tikintisindən getmir. Nəqliyyat kommunikasiyalarının açılması regionun ticarət, logistika və investisiya xəritəsini dəyişə bilər. Azərbaycan üçün bunun bir neçə mühüm iqtisadi nəticəsi var. Birincisi, tranzit imkanlarının genişlənməsi. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Ermənistan istiqamətində kommunikasiyaların bərpası bu coğrafi üstünlüyün daha geniş regional şəbəkəyə inteqrasiyasına imkan yarada bilər. İkincisi, logistika sektorunda əlavə dəyərin artırılmasıdır. Tranzit yükün ölkə ərazisindən keçməsi öz-özlüyündə böyük iqtisadi üstünlük deyil. Əsas məsələ həmin yükdən nə qədər əlavə iqtisadi dəyər əldə etməyimizdir”.
A.İbrahimov hesab edir ki, liman, dəmir yolu, terminal, anbar, sığorta, gömrük, maliyyə və logistika xidmətlərinin inkişafı məhz bu baxımdan əhəmiyyətlidir. “Üçüncüsü də Ermənistan bazarının Azərbaycan üçün potensial iqtisadi imkanlara çevrilməsidir. Əgər siyasi və hüquqi şərtlər formalaşarsa, qarşılıqlı ticarət, xidmətlər, logistika və investisiya üçün yeni bazar yaranacaq. Bu isə yalnız tranzit gəliri deyil, biznes dövriyyəsinin genişlənməsi deməkdir. Amma burada mühüm risk də var. Beləki, Azərbaycan yalnız tranzit ərazi rolunda qalarsa, kommunikasiya layihələrinin yaratdığı əsas iqtisadi əlavə dəyərin böyük hissəsi ölkədən kənarda formalaşa bilər. Buna görə nəqliyyat siyasəti logistika siyasətindən, logistika siyasəti isə sənaye və ixrac siyasətindən ayrı düşünülməməlidir.
Əsas sual da budur ki, Azərbaycandan neçə milyon ton yük keçəcək və həmin yükün yaratdığı iqtisadi dəyərin nə qədəri Azərbaycanda qalacaq? Əgər yeni kommunikasiyalar yerli istehsalın, ixracın, logistika xidmətlərinin və regional biznesin inkişafına xidmət edəcəksə, bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi strateji üstünlük olacaq. Əks halda biz sadəcə başqalarının ticarət yollarını təmin edən tranzit ölkəyə çevrilə bilərik. Ona görə də bu layihələrə yalnız nəqliyyat infrastrukturu kimi yox, Azərbaycanın növbəti iqtisadi inkişaf modelinin elementlərindən biri kimi yanaşmaq lazımdır. Ümumilikdə isə, yolun özündən çox, yolun ətrafında qurulan iqtisadi sistemin gəlir yaradacağını düşünürəm”-deyə A.İbrahimov vurğuladı.
İradə SARIYEVA