Firdovsi Şahbazov: “İqtisadi-ticarət əlaqələri genişləndikcə, sülh və sabitlik daha da möhkəmlənəcək”
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib ki, Cənubi Qafqaz sülh zonasına çevrilməkdədir:
“Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Cənubi Qafqazda sülh artıq öz bəhrəsini verməkdədir: “Məsələ ondadır ki, artıq Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması təmin edilmir. Eyni zamanda Azərbaycan neçə aydır Ermənistana yanacaq məhsulları ixrac edir. Artıq Ermənistandan da bir sıra məhsulların ölkəmizə ixracı ilə bağlı rəsmi səviyyədə anons verilib. Bütün bunlar regionda sülh gündəliyinin verdiyi real nəticələrin bəhrəsidir. Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17.4 milyon dollarlıq ticarət qeydə alınıb. Azərbaycan və Ermənistan arasında aparılan qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. İqtisadi əlaqələr tam bərpa olunduqdan sonra, idxal-ixrac əməliyyatları çərçivəsində iki ölkə arasında illik ticarət dövriyyəsi 300-500 milyon dollara çata bilər. Çünki hər iki ölkə uzun sərhədə malikdir. Ermənistanın dənizə çıxışı yoxdur. Bir sıra məhsulların Azərbaycandan idxalı iqtisadi nöqteyi-nəzərdən onlar üçün daha sərfəlidir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələri genişləndikcə, sülh və sabitlik daha da möhkəmlənəcək. Adətən iqtisadi əlaqələr bu kimi məsələlərdə orbitr rolunu oynayır. Xüsusən də kommunikasiya xətləri açılandan sonra hər iki ölkə bunun səmərəsini daha çox görəcək. Ermənistan tranzit daşımalardan ciddi həcmdə gəlirlər əldə edəcək. Nəticədə Cənubi Qafqaz ölkələrinin inkişafı keyfiyyətcə yeni mərhələyə keçəcək”.
Vidadi ORDAHALLI