İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücumlarından sonra İran ordusunun Küveyt, İraq, İordaniya və Bəhreyndə Amerika hərbi hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
İran tərəfinin məlumatına görə, PUA və raket zərbəsi Küveytdəki Əli əl-Salim aviabazasındakı komanda qərargahına və iqamətgahına, dronlar və onların buraxılış məntəqələri üçün anqara zərbə endirilib.
Bundan əlavə, İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil ərazisində ABŞ mövqelərinə hücum edilib.
SEPAH həmçinin Küveyt xalqına müraciət edərək ABŞ qüvvələrini ölkədən çıxarmağa çağırıb.
Bu arada, Küveyt Silahlı Qüvvələri əvvəllər hava hücumundan müdafiə sistemlərinin dron və raket hücumlarını dəf etdiyini bildirmişdi. Hakimiyyət orqanları paytaxt Küveyt şəhərində yaşayış binasına pilotsuz təyyarə hücumunun baş verdiyini bildirib. Təcili yardım xidmətləri yanğının qarşısını alıb və xəsarət alan olmayıb.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri 1 sentyabrda başlayan İran hərbi hədəflərinə bir sıra zərbələri "uğurla başa çatdırıb".
"Axios" məsələ ilə tanış olan mənbəyə istinadən bildirib ki, ABŞ ordusu bu hücumlar seriyasının bir hissəsi olaraq İran hökumətinə məxsus iki tankerə hücum edib. Bundan əlavə, nəşrin mənbələri çərşənbə axşamı günü baş verən hücumlar zamanı İrandakı təxminən 100 hədəfə hücum edildiyini bildirib. Hədəflər arasında SEPAH-ın hava hücumundan müdafiə qurğuları, radar sistemləri, dəniz qurğuları, minalar və rabitə qurğuları da olub.
Tahir TAĞIYEV