Tənbriz Musayev: “Mexanizmlər elə olmalıdır ki, daimi üzvlər öz maraqlarından çıxış edərək buna mane ola bilməsinlər”
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib ki, BMT qətnamələrinin icra mexanizmləri hazırlanmalıdır:
“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, illər ərzində BMT-nin nüfuzsuz və təsirsiz bir təşkilata çevrilməsinin kökündə qərarların icra mexanizminin olmaması dayanır: “BMT-nin ən təsirli orqanı Təhlükəsizlik Şurası hesab edilir. Ancaq məlum olduğu kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin edə biləcək müvafiq mexanizmlər yoxdur. Bu səbəbdən BMT qərarları illərlə kağız parçasına çevrildikcə, zamanda bu mötəbər quruma inam və etimad sarsıldı. Hamımız Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyini, sadəcə bir kağız parçası olduğunu yaxşı bilirik. Reallıq ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün girovuna çevrilib. Məhz həmin dövlətlər arasında illərdir gedən geosiyasi mübarizə BMT-ni mənasız bir quruma çevirib. Ona görə də birinci növbədə TŞ-nin daimi üzvlərinin sayı artırılmalı və BMT Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransanın monopoliyasından çıxarılmalıdır. Beynəlxalq hüquqa əsasən qərarların çevik icra mexanizmi hazırlanmalıdır. Mexanizmlər elə olmalıdır ki, daimi üzvlər öz maraqlarından çıxış edərək buna mane ola bilməsinlər. BMT TŞ-nin qərarları bütün dövlətlər üçün məcburi xarakterli olmalıdır. Nə qədər ki, belə mexanizmlər yaradılmayıb, BMT-nin dünyada gedən proseslərə təsiri olmayacaq. Münaqişələrin və bundan öz məqsədləri üçün istifadə edən dövlətlərin sayı azalmayacaq”.
Vidadi ORDAHALLI