Ukrayna Prezidenti Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Zelenski görüşdə Ukraynadakı cəbhə xəttindəki vəziyyəti və Rusiyanın təcavüzünü müzakirə etdiyini bildirib.
O, ABŞ nümayəndələrinin Rusiya tərəfi ilə danışıqlara hazırlaşdığını və Vaşinqton administrasiyasının Moskvanı müharibəyə son qoymağa təşviq etmək üçün ata biləcəyi addımların vacibliyini vurğulayıb.
Ukrayna və tərəfdaş ölkələrdən alınan kəşfiyyat məlumatlarının Rusiya prezidenti Vladimir Putinin müharibəni davam etdirmək istədiyini göstərdiyini deyən Zelenski, Rusiya cəmiyyətinin böyük bir hissəsinin hazırkı təmas xətti boyunca döyüşlərin dayandırılmasını qəbul edə biləcəyini iddia edib.
Zelenski qeyd edib ki, ABŞ nümayəndələrinin Rusiya ilə aparacağı təmasların nəticələrinə baxılmalıdır: “Sentyabr ayında çox şey dəyişə bilər. İnsanları, həyatı və sülhü qorumaq üçün tərəfdaşlarımızla birlikdə hər şeyi etməliyik”.
Tahir TAĞIYEV