Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı dron hücumlarının gücləndiriləcəyini bəyan edib. Zelenski Rusiya hava məkanından istifadə edərək ölkənin əsas hava limanlarına uçuşlar həyata keçirən aviaşirkətlərə, sığortaçılara və tərəflərə müraciət edərək onları təhlükəsizliklə bağlı xəbərdarlıq edib.
O, Rusiya hava məkanının artıq təhlükəsiz olmadığını iddia edib: "Ukrayna mülki aviasiyanı və ya hər hansı bir mülki təyyarəni təhdid etmir, lakin Rusiya səmasında dronların sıxlığı o qədər yüksək olacaq ki, bunu nəzərə almaq lazımdır".
Zelenski Rusiya hakimiyyət orqanlarının hava məkanındakı təhdidlərlə bağlı lazımi məlumatları vermədiyini iddia edərək bildirib ki, Rusiyanın hava məkanı faktiki olaraq bağlanacaq, Rusiyanın başlatdığı müharibə öz hava məkanını bağlamaq deməkdir.
“Rusiya hava məkanında təhlükəsiz dövrlər bitdi”, - deyən Zelenski əlavə edib ki, Rusiyanın əsas hava limanlarına, xüsusən də Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirən şirkətlər bu xəbərdarlığa diqqət yetirməlidirlər.
Putin isə Zelenskinin açıqlamaları dövlət terroruna cəhd adlandırıb: "Əgər bu, açıq şəkildə deyilibsə, bu, birbaşa dövlət terrorizminə cəhddir" .
Putin Ukrayna təhdidi səbəbindən hər hansı bir mülki aviasiya faciəsi baş verərsə, Rusiyanın cavab verəcəyini bildirib: "Cavab verməyin yolunu tapacağıq. Buna heç kimin şübhəsi olmasın ".
Ukraynanın danışıqların bərpası ilə bağlı tələblərinə gəlincə Putin deyib: "Terrorçularla danışıqlar aparılmır" .
Putin həmçinin Ukraynanın enerji infrastrukturuna edilən hücumlarına cavab verdiklərini, Donetsk bölgəsində irəliləyiş əldə etdiklərini və danışıqlar prosesinin əsasən dalana dirəndiyini bildirib.
Tahir TAĞIYEV