ABŞ-ın Maliyyə Naziri Skott Bessent G20 iclası çərçivəsində Rusiyanın maliyyə naziri Anton Siluanova xəbərdarlıq edib ki, Moskva Ukraynaya qarşı müharibə davam etdiyi müddətdə iqtisadi təzyiqin azalmasını gözləməməlidir. Bu barədə “Reuters” anonim mənbələrə istinadən məlumat yayıb.
Bessent bildirib ki, hazırda iqtisadi təzyiqin azaldılması və ya digər məsələlərdə razılaşmaların əldə edilməsi mümkün deyil. Adı açıqlanmayan bir amerikalı rəsmi əvvəllər agentliyə Bessent və Siluanov arasındakı görüşün mərkəzində "Trampın Ukrayna üçün sülh planı" olduğunu bildirmişdi.
Görüşün təfərrüatları barədə məlumatlı mənbəyə görə, Siluanov "qarşılıqlı maraq doğuran sahələrdə" əməkdaşlığı müzakirə etməyə çalışarkən Bessent onun sözünü kəsərək "müharibə bitənə qədər heç nə mümkün deyil" deyib.
Rusiyanın Maliyyə Nazirliyi bildirib ki, Skott Bessent və Anton Siluanov G20 sammitində "maliyyə sahəsində Rusiya-Amerika əməkdaşlığı məsələlərini", eləcə də "G20 çərçivəsində əməkdaşlıq məsələlərini" müzakirə ediblər.
Almaniyanın maliyyə naziri Lars Klingbeil Siluanovun G20 nazirlər görüşünə dəvət edilməsi qərarını tənqid edərək bunu "olduqca həyəcan verici" bir siqnal adlandırıb.
Tahir TAĞIYEV