Ceyhun Məmmədov: “Azərbaycanın hələ ki, hansısa bir bloka qoşulmaq niyyəti yoxdur”
Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Bu bəyanatın “ŞƏT plyus”da verilməsi deməyə əsas verirmi ki, Azərbaycan hələ uzun müddət heç bir bloka, o cümlədən ŞƏT-ə qoşulmayacaq, üzv olmayacaq?
Millət vəkili Ceyhun Məmmədov bu barədə baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə Azərbaycanın bu günkü siyasəti müstəqil siyasətdir: “Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir. Amma eyni zamanda müxtəlif platformalarda öz fəallığını qoruyur. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, BMT çərçivəsində aktiv bir üzv kimi öz rolunu və mövqeyini qoruyur. Yəni Azərbaycan davamlı olaraq bu prosesə, bu məsələlərə öz töhfəsini verir. Cənab Prezident davamlı olaraq bir çox mötəbər tədbirlərdə, konfranslarda, görüşlərdə fəal şəkildə iştirak edir və Azərbaycanın mövqeyini çatdırır. Hesab edirəm ki, Prezident Bişkekdə olduqca önəmli mesajlar verdi”.
C.Məmmədov qeyd etdi ki, Azərbaycan enerji təhlükəsizliyində, yüklərin daşınmasında və sair də öz fəal rolunu oynayır və öz töhfəsini verir. “Təbii ki, Azərbaycan ŞƏT-lə də əməkdaşlığa böyük əhəmiyyət verir. Ancaq Azərbaycanın hələ ki, hansısa bir bloka qoşulmaq niyyəti yoxdur. Yəni ŞƏT-in müxtəlif forumlarında, görüşlərdə, tədbirlərində Azərbaycan təmsil olunur, cənab Prezident iştirak edir. Lakin Azərbaycanın hələ ki, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyəti və məqsədi yoxdur”-deyə millət vəkili qeyd etdi.
İradə SARIYEVA