Yusif Bağırzadə: “Paşinyanın siyasi kursuna alternativ formalaşdırmaq cəhdi görmək mümkündür”
Ermənistan və Rusiyadakı gənclər ikitərəfli münasibətlərin inkişafında çox böyük rol oynaya bilərlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Era" ictimai təşkilatının Ermənistan-Rusiya münasibətlərinin inkişafına cəlb olunmuş erməni gənclərinin töhfəsi ilə bağlı sualına cavab olaraq bildirib.
Zaxarova qeyd edib ki, bu məsələyə yalnız milliyyət prizmasından baxmayacaq.
"Mən bunu milliyyətə görə bölməzdim. Çünki həm erməni, həm də rus gəncləri ikitərəfli münasibətlərin inkişafında rol oynaya bilərlər. Ona görə də gəlin hər iki ölkənin gəncləri haqqında danışaq", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, gənclər dinc yanaşı yaşamağın, dostluğun və Ermənistanla Rusiya arasında mümkün qədər yaxın münasibətlərin inkişafının tərəfdarı ola bilərlər.
Zaxarova vurğulayıb ki, bu cür münasibətlərin təməli çoxəsrlik tarix, mədəni yaxınlıq, ortaq ənənəvi dəyərlər və oxşar dini inanclar üzərində qurulub.
Zaxarovanın bu çağrışı əslində erməni gənclərini Paşinyanın hakimiyyətinə qarşı təhrik etmək deyil?
Politoloq Yusif Bağırzadə baki-xeber.com-a bildirdi ki, Mariya Zaxarovanın erməni gənclərinə müraciətini təkcə Rusiya və Ermənistan arasında dostluq münasibətlərinin təbliği kimi qiymətləndirmək sadəlövhlük olardı. “Diplomatik ritorikada, xüsusilə də yüksək səviyyəli Rusiya rəsmisinin konkret sosial qrupa müraciət etməsi birabaşa siyasi mesaj daşıyır. Məsələnin əsas mahiyyəti də məhz buradadır. Bununla rəsmi Moskvanın Ermənistanın gələcək siyasi nəslinə təsir göstərmək istəyi gün kimi aydındır.
Hər nə qədər Zaxarovanın “Rusiya və Ermənistan gəncləri iki ölkə arasında münasibətlərin inkişafında əsas rol oynamalıdır” fikri ilk baxışdan zərərsiz səslənsə də lakin nəzərə almaq lazımdır ki, bu çağırış Ermənistan–Rusiya münasibətlərinin ciddi şəkildə pisləşdiyi və Paşinyan hakimiyyətinin ölkənin xarici siyasətində Rusiyadan uzaqlaşaraq Qərblə daha sıx əlaqələr qurmağa çalışdığı bir vaxtda səsləndirilir. Belə şəraitdə Moskvanın erməni cəmiyyətinə, xüsusilə gənc nəslə bu səpkili mesaj verməsi artıq sırf mədəni diplomatiya çərçivəsinə sığmır.
Burada Paşinyanın adı çəkilmədən Paşinyanın siyasi kursuna alternativ formalaşdırmaq cəhdi görmək mümkündür”. Y.Bağırzadənin sözlərinə görə, Rusiya başa düşür ki, Ermənistanın hazırkı hökuməti ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmaq asan deyil. “Buna görə də Ermənistan cəmiyyətinin gələcək siyasi davranışına təsir göstərə biləcək qruplara – gənclərə, ictimai təşkilatlara, ekspert dairələrinə və Rusiyaya yaxın siyasi qüvvələrə yönəlmək kimi uzunmüddətli strategiyaya üstünlük verir.
Bu baxımdan Zaxarovanın çağırışını yumşaq siyasi təsir kimi qiymətləndirmək daha düzgün olar. Məqsəd Ermənistan cəmiyyətində Rusiyaya münasibəti dəyişdirmək, Moskvanın region üçün əhəmiyyətini vurğulamaq və Paşinyanın Qərbyönümlü xəttinə alternativ ictimai-siyasi diskurs yaratmaqdır.
Bu səbəbdən Zaxarovanın açıqlamasını hüquqi və formal baxımdan Paşinyana qarşı birbaşa siyasi təhrik adlandırmaq mümkün olmasa da lakin siyasi mahiyyət baxımından bu, Paşinyanın siyasətinə qarşı ictimai alternativ formalaşdırmağa hesablanmış mesaj kimi qiymətləndirilə bilər”-deyə Y.Bağırzadə vurğuladı.
İradə SARIYEVA