Ramil Məmmədli: “Azərbaycan ərazilərini azad edəndə bəzi dövlətlər BMT vasitəsi ilə bunu əngəlləməyə cəhd etdilər”
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”. Bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.
Daha sonra ölkə başçısı bunları qeyd edib: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Prezident Əliyevin toxunduğu məqamlar reallığı əks etdirir: “Həqiqətən də BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ərazilərimizin azad edilməsində hansısa rol oynamadı. Halbuki, həmin qətnamələrdə erməni silahlı qüvvələrin işğal etdikləri ərazilərdən çıxması tələbi öz əksini tapmışdı. Düzdür, BMT qətnamələrində konkret olaraq Ermənistan Respublikası işğalçı tərəf kimi göstərilməmişdi. Halbuki, işğalı həyata keçirən bilavasitə Ermənistan Silahlı Qüvvələri idi. İstənilən halda, BMT istəsəydi işğalı qısa müddətdə arada qaldıra bilərdi, amma buna siyasi iradəsi çatmadı. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü – Rusiya, Fransa və Birləşmiş Ştatlar işğalçı tərəfi cəzalandırmaqda maraqlı deyildilər. Fransa Ermənistana siyasi baxımdan dəstək verirdi. Konkret olaraq Avropanın bütün təsisatları Ermənistanı dəstəkləyirdilər. Rusiya Ermənistanı silahlandırırdı. O cümlədən, bilavasitə Rusiyanın hərbi yardım və dəstəyi ilə ərazilərimiz işğal edildi. ABŞ-da Ermənistana iqtisadi yardım göstərirdi. 1991-ci ildən başlayaraq ABŞ hər il Ermənistana 100 milyonlarla maliyyə yardımı göstərir. Ona görə də 1994-cü ilin mayında atəşkəs əldə edildikdən 26 il sonra Azərbaycan hərb yolu ilə işğala son qoydu. Ötən 26 il bizim üçün çox məşəqqətli keçdi. O mənada ki, BMT-nin 4 qətnaməsinə rəğmən, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bir dəfə olsun işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymadılar. Ermənistana bununla bağlı hansısa təzyiq göstərilmədi. Bunun tam əksi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanı işğalla barışdırmağa, işğal reallığını qəbul etməyə çağırırdılar. Ancaq bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan bununla barışmadı. Təmkinlə beynəlxalq müstəvidə mövqelərini gücləndirdi. Neft gəlirlə hesabına güclü iqtisadiyyat və ordu yaradıldı. Ən müasir silahlar əldə edildi. Uyğun geosiyasi məqam formalaşan kimi, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 30 illik işğala son qoyuldu. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərqərar edildi. Azərbaycan ərazilərini azad edəndə bəzi dövlətlər BMT vasitəsi ilə bunu əngəlləməyə cəhd etdilər. Söhbət Fransanın bir neçə dəfə BMT TŞ çərçivəsində Azərbaycana qarşı sanksiya qəbul etmək cəhdindən gedir. Ancaq istəklərinə nail ola bilmədilər”.
Vidadi ORDAHALLI