Azərbaycan banklarında istehlak kreditlərinin həcmi 10 milyard manatı keçib. Bu il avqustun 1-nə olan rəsmi statistikaya əsasən, bu göstərici ümumi kredit portfelinin 31.3 faizinə bərabərdir. Portfelin 45 faizini biznes, yerdə qalan hissəsini isə ipoteka kreditləri təşkil edib.
Azərbaycanda son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var. İstehlak kreditləri banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsana məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi sayılır. 3 il əvvəl - avqustun 1-nə olan göstəricilərə görə, portfeldə istehlak kreditləri cəmi 6.3 milyard təşkil etmişdi. İqtisadçılar istehlak kreditlərində belə kəskin artımı çox mənfi hal kimi dəyərləndirirlər. İqtisadçı Natiq Cəfərli bildirir ki, belə kəskin artımın səbəbi təkcə vətəndaşın irrasional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır: "Bundan başqa, məncə, son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır – onlar məcbur qalıb nağd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər". Amma mövzu ilə bağlı fərqli düşünən iqtisadçılar da var. Onlardan bəziləri hesab edir ki, kredit hər kəs üçün əlçatan olanda bir çox insanlar lazımsız yerə də kredit götürür. Bununla yanaşı Azərbaycanda vaxtı keçmiş kreditlər də artmaqda davam edir.
Mərkəzi Bankın açıqladığı hesabata görə, bu il avqustun 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manata çatıb. Qurumun açıqlamasına görə, bu məbləğ iyulun 1-i ilə müqayisədə təqribən 4 milyona, iyunun 1-nə nisbətən isə 88 milyon manata yaxın çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 30 faizə yaxın, bir il əvvələ nisbətdə isə 36 faizdən çox artıb.
Xatırladaq ki, Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödədi. Bu addımdan sonra problemli kreditlər azaldı. 2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu, koronavirus pandemiyası ilə əlaqələndirildi. 2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı. Amma son bir ildə, əsasən, əks proses müşahidə edilir.
Ramil QULİYEV