Rusiya və İran prezidentləri Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. "Kommersant" qəzetinin verdiyi məlumata görə, Pezeşkian Putinə ABŞ-la münaqişə zamanı İrana verdiyi dəstəyə görə təşəkkür edib.
"Müharibə zamanı, bütün münaqişələr və ABŞ sanksiyaları zamanı tutduğunuz mövqeyə görə sizə təşəkkür edirik" – deyən Pezeşkianqeyd edib ki, Moskva BMT-də və digər beynəlxalq təşkilatlarda Tehranı dəstəkləyib.
İran prezidentinin sözlərinə görə, İranın ŞƏT-də iştirakı, digər məsələlərlə yanaşı, beynəlxalq münasibətlərdə birtərəfliliyə qarşı mübarizə aparmaq məqsədi daşıyır. "Biz bu birtərəflilikdən kənara çıxmaq istəyirik. Əminəm ki, qalib gələcəyik", - deyə Pezeşkian bildirib.
Putin öz növbəsində bildirib ki, Rusiya çətin vəziyyətdə İranı dəstəkləməyə çalışır. "Biz bunu sizinlə müzakirə etdik və sizə lazımi malları çatdırırıq", - deyə Rusiya lideri bildirib.
Tahir TAĞIYEV