Ermənistan respublikada 7 iyunda keçiriləcək seçkiləri izləmək üçün təşkil edilən MDB müşahidə missiyasına daxil edilən bəzi Rusiya vətəndaşının akkreditasiyasından imtina edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Zaxarova bildirib ki, Rusiya XİN Rusiya müşahidəçilərinin siyahılarının akkreditasiya üçün müəyyən edilmiş prosedurlara uyğun olaraq Ermənistan tərəfinə göndərib. Lakin Ermənistan tərəfi bir sıra rusiyalıların müşahidəçilər siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirib. "Təəssüf ki, erməni tərəfdaşlarımız bizə qeyri-rəsmi olaraq bir sıra Rusiya vətəndaşlarının parlament seçkilərində müşahidəçilər siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirdilər".
Rusiya tərəfinin məlumatına görə, burada söhbət Qaraçay-Çərkəz Respublikası Seçki Komissiyasının nümayəndəsi də daxil olmaqla, Dövlət Dumasının üç deputatından gedir. Zaxarova bildirib ki, sözügedən şəxslərin Ermənistana qarşı hansı cinayəti törətdikləri barədə heç bir məlumatları yoxdur.
Moskva qərarın səbəbləri ilə bağlı İrəvandan izahat istəyib, lakin hələlik rəsmi cavab almayıb.
"Bu Rusiya vətəndaşlarının rəsmi İrəvana nə etmiş ola biləcəyini və onların niyə ölkəyə buraxılmadığını təsəvvür belə edə bilmirəm. Güman edirəm ki, onlar Aİ-nin sanksiya siyahısında yer alır və bu, rəsmi İrəvanın Aİ-dəki yüksək vəzifəli dostları qarşısında bir növ əyilməsidir” – deyə Zaxarova bildirib.
O, qeyd edib ki, Ermənistanın rusiyalı müşahidəçilərin akkreditasiyasından imtina etməsi təəssüf doğurur, Moskva İrəvanla münasibətlərində bunu nəzərə alacaq.
Tahir TAĞIYEV