Rusiya, Ermənistan Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanı davam etdirəcəyi halda qaz və enerji sazişlərini yenidən nəzərdən keçirə biləcəyi barədə xəbərdarlıq edib.
"Kommersant"ın əldə etdiyi məlumata görə, Rusiyanın energetika naziri Sergey Tsivilev İrəvana göndərdiyi məktubda mövcud güzəştli rejimin dayandırıla və ya tamamilə ləğv edilə biləcəyini bildirib.
Bundan əvvəl açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa, onlar üçün qazın güzəştli qiyməti bazar əsasında formalaşmağa başlayacaq.
Rusiya XİN sözçüsü Mariya Zaxarova da bildirib ki, Rusiya Ermənistanı, İrəvan Aİ-yə daxil olmaq istiqamətindəki kursunu davam etdirərsə, qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı müqaviləni dayandırmağa və ya birtərəfli qaydada ləğv edəcəyi ilə bağlı rəsmi olaraq xəbərdar edib.
Kremlin sözçüsü Peskov isə bildirib ki, ermənilər özləri hansı birliyə-Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidir. Onun sözlərinə görə, Ermənistan müvafiq qanun qəbul edib ki, bu da mahiyyət etibarilə İrəvanı Avropa İttifaqına istiqamət götürməyə məcbur edir.
Kreml rəsmisi həmçinin vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabınadır, Ermənistan üçün isə bu, Rusiyanın töhfəsidir: "Güzəşt həmişə kiminsə hesabınadır. Yəni, ermənilərin aldığı güzəşt həmişə kiminsə hesabına olub, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki o, erməni xalqıdır, bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, amma bu, bizim hesabımızadır”.
Peskov bildirib ki, heç kim Ermənistana Avrasiya İqtisadi İttifaqında qalması üçün yalvara bilməz. Onun sözlərinə görə, Ermənistanın bu birlikdəki fəaliyyəti ilə bağlı aydınlaşdırmaya ehtiyac var. Kremlin sözçüsü Avrasiya İqtisadi İttifaqı Şurasının gündəliyinin Ermənistanla bağlı vəziyyətə görə mürəkkəb olduğunu da deyib: “Hazırkı sammit Ermənistanın taleyini həll etməyəcək. İrəvan Avrasiya İqtisadi İttifaqının tədbirlərində iştirak etməyə davam edəcək. Ermənistanın Avrasiya İqtisadi İttifaqından dividentləri təmin edilir, lakin bunun Avropa İttifaqında baş verib-verməyəcəyi məlum deyil. Ermənistanın hərəkətləri digərlərinin inteqrasiyasına mane olmamalıdır”.
O, Putin və Paşinyan arasında hazırda heç bir təmasın planlaşdırılmadığını da əlavə edib.
Bu arada, Ermənistanın Baş nazir Paşinyan bildirib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsinə erməni xalqı qərar edəcək. Paşinyanın sözlərinə görə, müstəqillik qazandıqdan bəri Ermənistan hakimiyyəti ölkənin və vətəndaşlarının "faktiki olaraq başqa seçiminin olmadığı" bir siyasət yürüdüb. O əlavə edib ki, hazırkı rəhbərlik "vəziyyəti dəyişdirməyi" və həm daxili, həm də xarici siyasətdə Ermənistan cəmiyyəti üçün alternativlər yaratmağı bacarıb.
Paşinyanın sözlərinə görə, Ermənistanın Aİ-yə inteqrasiya və Aİİ-yə üzvlük arasında seçim etməsinə dair son qərarı hökumət deyil, ölkə vətəndaşları verəcək. O, həmçinin qeyd edib ki, bu yanaşma "Ermənistanın bəzi tərəfdaşları arasında" narazılığa səbəb olub. Bu kontekstdə o, Rusiya ilə münasibətlərin pisləşməsi fonunda mümkün qiymət artımları məsələsinə də toxunub.
"Gizli təhdidlərlə cavab verən tərəfdaşlarımız əslində özlərinə qarşı hərəkət edirlər. Təhdidlər əvəzinə, onlar Ermənistan xalqına daha yaxşı şərait və imkanlar təklif etməlidirlər. Ermənistanı yüksək qiymətlərlə qorxutmaq məntiqsizdir, çünki bizim daha çox pulumuz olacaq, buna görə, qiymətlər baha görünməyəcək", - baş nazir bildirib.
2013-cü il müqaviləsinə əsasən, Rusiya Ermənistana daxili istehlak üçün rüsumsuz qaz və neft məhsulları verir və ölkə əsasən bu tədarükdən asılıdır. Ermənistan qazı Rusiyadan 177,5 dollara alır.
Tahir TAĞIYEV