İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bəyan edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın nəzərdən keçirilməsi məsələsi parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının iclasında müzakirə olunub. Bu barədə İran mediası yazıb. Onun sözlərinə görə, iclas zamanı konvensiya üzrə işlərin həm daxili, həm beynəlxalq səviyyədə, həm də iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyət çərçivəsində gedişatına dair hesabat təqdim edilib. Deputatlarla sənədlə bağlı hüquqi, siyasi, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunub. Qaribabadi eləcə də qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya ilə bağlı qanun layihəsi hazırda İran hökuməti tərəfindən nəzərdən keçirilir. Nazir müavini vurğulayıb ki, Xəzər dənizi İran üçün strateji maraqların, milli təhlükəsizliyin, regional əməkdaşlığın və ölkənin tarixi hüquqlarının bir hissəsidir.
İradə SARIYEVA