Baş nazir Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan edib.
"Məmnuniyyətlə elan edirəm ki, Axalkalaki-Qars dəmir yolu, Azərbaycan dəmir yolu kimi, artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük bir hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm", - deyə Paşinyan sosial mediada yazıb.
Baş nazirin sözlərinə görə, hazırda Ermənistan Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqələrinə malikdir. Yeni açılan marşrut isə bu şəbəkəni genişləndirərək, Avropa İttifaqı ilə əlaqə yaradan və Gürcüstan və Türkiyə üzərindən keçən istiqaməti də əlavə edir.
Paşinyan əlavə edib ki, yaxın perspektivdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran birbaşa dəmir yolu əlaqələrinin də istifadəyə verilməsi gözlənilir: "TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq".
Tahir TAĞIYEV