Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbirə ev sahibliyi etdi. Mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Hökumətinin təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir çox yeniliklərlə yadda qaldı.
Bu yeniliklərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası oldu. Tədbirin ikinci günündə baş tutan sessiyada 27 ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaqlar və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Sessiyadakı çıxışlarda Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi.
İlk dəfə olaraq forum çərçivəsində belə bir sessiyanın təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi. Digər tərəfdən, Liderlər Sammitinin bu qədər yüksək səviyyədə təşkil edilməsi tək tədbirin miqyasını deyil, həm də Azərbaycanın beynəlxalq platforma kimi artan nüfuzunu ortaya qoydu. Azərbaycanın yeni beynəlxalq siyasi dialoq formatlarını və müxtəlif tərəfləri ortaq platformada bir araya gətirmək imkanlarını nümayiş etdirdi. Azərbaycanın bu təşəbbüsü WUF-a ilk dəfə olaraq dövlət rəhbərlərinin strateji baxışlarını ifadə etdiyi siyasi tribuna statusu qazandırdı. Azərbaycan sübüt etdi ki, şəhərlər və yaşayış məskənləri kimi məsələlər də daha yüksək səviyyələrdə müzakirə edilə bilər və edilməlidir.
Bütün bunlar Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf məsələlərində beynəlxalq proseslərə verdiyi töhfənin göstəricisidir. Bu həm də tədbirin həsr olunduğu məsələlərə Azərbaycanın nə qədər həssas yanaşdığını təsdiqlədi. Azərbaycan ortaya qoyduğu uğurlu yeniliklərlə, həm də qlobal çağırışlar ətrafında konsensus yarada bilən bir ölkə nümunəsi ortaya qoydu.
Onu da qeyd edək ki, WUF13 həm də rekord sayda iştirakçı ilə ən böyük Şəhərsalma Forumu kimi tarixə düşdü.
Tahir TAĞIYEV