Rəsul Cahangirli: “Bu, ölkəmizin qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür”
WUF13-ün əsas nəticəsi “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır.
Mühüm məqamlardan biri də, WUF13 çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatı qeyd edilməsidir. Bakı Şəhər Mükafatı Azərbaycanın təşəbbüsü ilə təsis edilib. Həmçinin, bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq.
Bütün bu deyilənlərin fonunda, “Bakı Şəhər Mükafatı”nın təsis olunmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, WUF13-ün yekun sənədində “Bakı Şəhər Mükafatı”nın təsis edilməsi mühüm hadisədir: “Başlıcası bu, Azərbaycanın imici baxımından mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, tədbir çox uğurlu keçdi. Mükafatın hər bir mərhələsi sadəcə təltifetmə mərasimi ilə yekunlaşmayacaq, öyrənmə, potensialın gücləndirilməsi və təcrübənin yenidən tətbiqi üçün fəal dəstək mexanizmləri ilə davam etdiriləcək. Bu mükafat yalnız uğurlu həll yollarını təqdir etmək deyil, həm də onların miqyasını genişləndirmək məqsədi daşıyır. Məsələ ondadır ki, “Bakı Şəhər Mükafatı” uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır. Bu, Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu baxımdan hesab edirəm ki, mükafatın əhəmiyyəti çox böyükdür. Mükafatın əsas məqsədi dayanıqlı şəhərsalma ideyalarını təşviq etmək, bu sahədəki qabaqcıl qlobal təşəbbüsləri qiymətləndirməkdir”.
Vidadi ORDAHALLI