Avropa İttifaqı (Aİ) və NATO, Rusiyanın Ukraynanın dron hücumları üçün Baltikyanı ərazilərdən istifadə etdiyini iddia edərək Baltikyanı ölkələrə cavab verəcəyi ilə bağlı təhdidlərinə sərt reaksiya verib. NATO və Aİ Rusiyanın sərt cavabla qarşılaşacağını bildirdilər.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen X sosial media hesabında Baltikyanı ölkələrlə həmrəyliyini bildirib.
Leyen Rusiyanın Baltikyanı ölkələrə qarşı açıq təhdidlərinin tamamilə qəbuledilməz olduğunu və hansısa üzv dövlətə qarşı hər hansı bir təhdidin bütün birliyə qarşı təhdid kimi qəbul ediləcəyini bildirib: "Buna heç şübhə olmasın".
O, bildirib ki, Aİ-nin şərq cinahının təhlükəsizliyini təhlükə altına qoyan dronlara görə birbaşa Rusiya və Belarus məsuliyyət daşıyır: "Avropa birlik və güclə cavab verəcək. Şərq cinahımızın təhlükəsizliyini bütün səviyyələrdə güclü kollektiv müdafiə və hazırlıqla gücləndirməyə davam edəcəyik".
Avropa Şurasının prezidenti Antonio Kosta isə Rusiyanın təhdid və təxribatlarının hibrid müharibə taktikasının bir hissəsi olduğunu bildirib və qeyd edib ki, bunlar bütün Aİ üçün təhlükə yaradır. Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün birgə səylərini sürətləndirəcəyini vurğulayan Kosta, "Rusiyanın Ukraynaya qarşı ədalətsiz və səbəbsiz təcavüzkar müharibəsinə son qoymaq üçün təzyiqi artıracaqlarını" bildirib.
NATO-nun baş katibi Mark Rutte də NATO-nun qərargahında keçirilən mətbuat konfransında Rusiyanın ittihamlarının "absurd" olduğunu bildirib. Rutte bildirib ki, əgər dronlar Ukraynadan gəlirsə, bunun səbəbi Ukraynanın Latviya, Litva və ya Estoniyaya dron göndərmək istəyi ilə bağlı deyil, bu, Rusiyanın ehtiyatsız və qanunsuz tammiqyaslı təcavüzündən irəli gəlir.
Bundan əvvəl açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ordusu Moskvanın Ukraynanın Baltik ərazilərindən Rusiyaya qarşı dron hücumları üçün istifadə etdiyinə dair iddialarına "müvafiq" cavab hazırlayır.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) də Latviyanı Ukraynanın onun ərazisindən dron hücumları həyata keçirməsinə icazə verməkdə günahlandırıb və NATO üzvlüyünün bu ölkəni Rusiyanın qisasından "qorumayacağını" bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə bildirib ki, Moskvanın Ukraynanın Latviya və digər Baltikyanı ölkələrdən hərbi dronlar buraxmağı planlaşdırdığına dair məlumata malik olduğu bildirilib və eyni zamanda Rusiya Xarici Kəşfiyyatın, NATO üzvlüyünün bu ölkələri qisasdan qorumayacağı barədə xəbərdarlığını təkrarlayıb.
Tahir TAĞIYEV