Rəsul Cahangirli: “Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınmasına xidmət edir”
“Liderlər olaraq daha yaxşı şəraitin yaradılması üçün cəsarətli olmalıyıq”. Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Bu gün biz şəhər inkişafının, xüsusilə paytaxt şəhərlərinin inkişafının vacibliyini tam anlayaraq həm cəsarətli, həm də ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə müqayisə edirəm. Yeri gəlmişkən, bu yarış şəhər trasında keçirilən azsaylı Formula 1 yarışlarından biridir. Avtomobillərin sürəti saatda 300 kilometrdən çox olur, daha sonra isə pilotlar əyləci basaraq qədim şəhər divarından cəmi bir metr aralıda yerləşən, eni yeddi metr olan dar küçəyə daxil olurlar. Buna görə də pilotlar həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Liderlər, qərar qəbul edən şəxslər və inkişaf gündəmini müəyyən edənlər olaraq biz də inkişafda, daha yaxşı şəraitin yaradılmasında cəsarətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, Prezidentin yanaşması reallıqlara əsaslanır: “Azərbaycan neçə illərdir bir sıra beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Özü də çox uğurla tədbirləri aparır. Bəzən cəmiyyətdə belə fikirlər səslənir ki, Formula 1 yarışları nəyə lazımdır? Hesab edirəm ki, belə yanaşmalar doğru deyil. Ona görə ki, bu cür tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınmasına xidmət edir. Bu, çox önəmli məqamdır. Digər tərəfdən, belə tədbirlər turizmin inkişafına təkan verir. Daha çox turistin Azərbaycana gəlməsinə, ölkəmizi tarixi, mədəniyyəti, təbiəti ilə tanış olmasına şərait yaradır. Ən önəmlisi isə bu, turizmdən əldə edilən gəlirlərin artmasına öz töhfəsini verəcək. Ona görə də bəli, biz şərait yaratmalıyıq ki, Azərbaycan daha çox tanınsın. Beynəlxalq miqyasda ölkəmizə olan maraq daha da artsın. Müasir binaların tikilməsi, infrastrukturun qurulması müsbət haldır. Ancaq bununla paralel, tarixi abidələrimizin qorunması da vacib məsələdir. Bütün bunlara kompleks yanaşma olmalıdır”.
Vidadi ORDAHALLI