Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Rusiyadan "boşanmaq" planının olmadığını deyib. Bu barədə Litva xarici işlər naziri Kstutis Budris ilə İrəvanda birgə mətbuat konfransında açıqlama verən Mirzoyan "Biz heç bir tərəfdaşımızdan boşanmağı planlaşdırmırıq. Siyasət və diplomatiya bu cür boşanmalarla tanış deyil. Biz Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirmək niyyətində deyilik", - deyə bildirib.
XİN rəhbəri problemlərin mövcudluğunu qeyd edərək, konstruktiv müzakirələr yolu ilə həll yollarının tapılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, Mirzoyan bildirib ki, İrəvan Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə (AB) eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü qəbul edir.
"Biz çox yaxşı başa düşürük və Rusiyanın bizə deməli olduğu məsələ bu deyil ki, Avrasiya İqtisadi Birliyinə üzvlük və Aİ-yə üzvlük bir-biri ilə uyğun deyil. AİB-də qalmaq və eyni zamanda Aİ-nin üzvü olmaq mümkün deyil. Biz Aİ ilə yaxınlaşmağı davam etdirəcəyik və bu və ya digər ölkələr qrupunun ailəyə qoşulub-qoşulmayacağına qərar vermək vaxtı gələndə bu qərarı verəcəyik. Burada yeni bir şey yoxdur və yenə də bunu bizə kənardan kimsə deməməlidir", - deyə o bildirib.
SAMİRƏ