Nikol Paşinyanın "üçbaşlı müharibə partiyası" adlandırdığı müxalifət əmindir ki, baş nazir yenidən seçiləcəyi təqdirdə anklavlarla bağlı açıqlama ilə onları Azərbaycana qaytarmaq üçün zəmin hazırlayır.
Ermənistan baş naziri xatırladıb ki, Ermənistan ərazisində Azərbaycana məxsus anklavlar var: “Eksklav-anklavlar mövzusuna gəlincə, mən əvvəllər bu mövzuya ətraflı toxunmuşam və bu da həll edilməli olan məsələdir. Hətta mən və Ermənistan hökuməti və Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilməz”. Paşinyan bunların suveren Azərbaycan əraziləri olduğunu, bunun Almatı bəyannaməsində əks olunduğunu vurğulayıb. Ermənistan baş naziri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib. Xatırladaq ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri yerləşir. Paşinyan ilk mərhələdə Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərini Azərbaycana qaytarılmalı olduğunu etiraf edir.
Robert Köçəryanın "Hayastan" blokunun namizədi İşxan Saqatelyan Başkəndin bir bəhanə olduğunu, əslində isə Bakının tələbinin yerinə yetiriləcəyini israr edir: "Onun Əliyevə imzaladığı and, öhdəlik və vəd var ki, "mənə seçilməyimə kömək et və ertəsi gün yeni əraziləri qaytaracağam". Təkrar seçiləcəyi təqdirdə, o deyəcək ki, "mən vermədim, xalq verdi, çünki əvvəlcədən əraziləri təhvil verəcəyimi demişdim və xalq mənə bunun üçün mandat və etibar verdi". Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasına namizəd Narek Karapetyan isə qeyd edir: "Niyə Paşinyan Ermənistan ərazilərinin işğaldan azad edilməsi barədə eyni səylə danışmır? Dünyada elə bir lider var ki, hər dəfə ortaya çıxıb, yalnız nəsə verməkdən danışır”. "Çiçəklənən Ermənistan" lideri Qaqik Tsarukyan da Paşinyanın seçki kampaniyası zamanı anklavlarla bağlı verdiyi açıqlamanı xatırladıb: "O, üç anklavı təhvil verməli olacağını elan etdi və bu belə olacaq, bu sülh deyil".
Bu arada, Milli Məclisin sədri Alen Simonyan özü müxalifəti Tavuşdakı dörd kənd məsələsində günahlandırıb: “Azərbaycanlılar həmçinin ermənilərin irəlidə olduqları santimetrlərdən geri çəkilmələrini istəyirlər. Biz də onların irəlidə olduqları santimetrlərdən geri çəkilmələrini istəyirik. Sərhədin demarkasiyasiyası - bu prosesin mahiyyəti budur”.
Tahir TAĞIYEV