Əli Orucov: “Köçəryan və ya Karapetyan qalib gələrsə, Ermənistan ikitərəfli danışıqlardan imtina edəcək”
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür.O, bu barədə seçkiqabağı kampaniya zamanı danışıb.
Paşinyan qeyd edib ki, bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil.
“Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, - deyə Paşinyan vurğulayıb. Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb.
Bu, o deməkdir ki, Paşinyan seçkilərdə qalib gəlsə onlar müxalif qüvvələrdən fərqli olaraq istənilən vasitəçilik missiyasına qarşı olacaqlar, yalnız ikitərəfli danışıqlara üstünlük verəcəklər. Bu da Azərbaycanın maraqlarına uyğundur.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Ermənistanla 30 ilə yaxın aparılan danışıqlar məhz vasitəçilərin ucbatından nəticə vermədi: “Birincisi, Azərbaycan-Ermənistan danışıqlarını təşkil edən vasitəçilər tərəfsiz deyildilər. Bu və ya digər şəkildə Ermənistana dəstək verirdilər, beynəlxalq hüququ görməzdən gəlirdilər. Həmsədr dövlətlərdən biri olan Rusiya Ermənistana hərbi yardım edirdi. Fransa siyasi dəstək verirdi. ABŞ da iqtisadi yardım edirdi. İkincisi, vasitəçi dövlətlərin geosiyasi maraqları toqquşduğu üçün onlar Qarabağ məsələsinin həllində maraqlı deyildilər. Yaranmış vəziyyətdən asılı olaraq gah Azərbaycana, gah da Ermənistana təzyiq edirdilər. Ona görə də ən optimal variant vasitəçilər olmadan keçirilən danışıqlar idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında əldə etdiyi qələbə Ermənistanı buna məcbur etdi. Nəticə də ortadadır. Azərbaycanla Ermənistan arasında vasitəçilər olmadan keçirilən danışıqlar nəticəsində əhəmiyyətli nəticələr əldə edilib. Paşinyan qalib gəlsə, bu kurs davam edəcək. Yox əgər Robert Köçəryan və ya Samvel Karapetyan qalib gələrsə, Ermənistan ikitərəfli danışıqlardan imtina edəcək. Bütün vasitələrlə çalışacaqlar ki, danışıqlarda məhz Rusiya moderator olsun. Bu isə sülh danışıqlarının yarımçıq qalması, iki ölkə arasında gərginliyin yenidən alovlanması ilə nəticələnəcək. Ümid edək ki, erməni cəmiyyəti seçkilərdə doğru seçim edəcək və revanşist müxalifətə etimad göstərməyəcək”.
Vidadi ORDAHALLI