Bu gün dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır. 1 milyarddan çox insan gecəqondularda məskunlaşıb, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üz-üzədir. Bu, artıq təcrid olunmuş bir problem deyil, sistemli və qlobal böhrandır.
Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.
O bildirib ki, müasir şəhərlərin üzləşdiyi çağırışlar bir-birindən ayrı deyil və dərin struktur problemlərini ortaya qoyur. İcraçı direktorun sözlərinə görə, məsələ yalnız yaşayış məkanlarının çatışmazlığı ilə məhdudlaşmır, burada eyni zamanda inklüzivlik, imkanlar və insan ləyaqəti məsələləri də mühüm yer tutur.
Anaklaudia Rossbax qeyd edib ki, yaşayış məkanları infrastruktur məsələsi olsa da, onların düzgün idarə olunması və maliyyələşdirilməsi hökumətlərin və beynəlxalq tərəfdaşların birgə məsuliyyətidir.
“Yaşayış məkanları fundamental insan hüququdur və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vaxt məhduddur”, – deyə o vurğulayıb.