ABŞ və İran arasında hərbi-siyasi gərginliyin yenidən artdığı dönəmdə ABŞ Prezidenti Donald Tramp sosial mediada diqqətəlayiq bir paylaşım edib. Amerika mətbuatı İrana hücumların tezliklə bərpa oluna biləcəyi barədə fərziyyələr irəli sürərkən, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında süni intellekt tərəfindən yaradılan bir şəkil paylaşıb. Trampın arxasında dalğalı dənizlərdə üzən İran döyüş gəmilərinın təsvir olunduğu şəklin üzərində "Fırtınadan əvvəl sakitlik idi" ifadəsi yer alıb.
Qeyd edək ki, ABŞ administrasiyası İranın Pakistan vasitəsilə Vaşinqtona göndərilən müharibəyə son qoymaqla bağlı yazılı təklifinə cavab verib. Tehranın təklifinin iki mərhələli danışıqlar prosesinə əsaslandığını bildirən İran mətbuatının xəbərində deyilir: "Bu prosesin birinci mərhələsi bütün cəbhələrdə müharibəyə son qoyacaq. İranın şərtləri yerinə yetirilərsə, nüvə danışıqlarının ikinci mərhələsi başlayacaq”. Lakin ABŞ İranın təklifini rədd edib və xüsusilə nüvə məsələsində "sərt mövqeyini" davam etdirir.
Bu arada, İran qlobal enerji ticarəti üçün ən vacib tranzit nöqtələrindən biri olan Hörmüz boğazı ilə bağlı diqqətəlayiq bir addım atıb. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni keçid mexanizminin hazırlandığını və tezliklə elan ediləcəyini açıqlayıb. Əzizi qeyd edib ki, bu tənzimləmədən yalnız İranla əməkdaşlıq edən ticarət gəmiləri və tərəflər yararlana biləcək. O, həmçinin mexanizm çərçivəsində göstərilən xüsusi xidmətlər üçün ödəniş alınacağını bildirib.
SAMİRƏ