Britaniya Baş naziri Keir Starmer istefa vermək niyyəti barədə yaxın ətrafına məlumat verib. Bu barədə Daily Mail mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Britaniya hökumətinin başçısı vəzifəsindən getmə vaxtını müstəqil şəkildə müəyyən etmək niyyətindədir. "Keir siyasi reallığı başa düşür. O, mövcud vəziyyətin davam edə bilməyəcəyini anlayaraq, ləyaqətlə və öz şərtləri ilə getmək istəyir", - qəzet mənbələrindən birinə istinadən bildirir. Lakin mümkün istefa elanının dəqiq vaxtı hələ məlum deyil. Mənbələr iddia edir ki, bəzi rəsmilər Starmeri Makerfild əlavə seçkilərinin ilk nəticələri və səslərin sayılması məlum olana qədər heç bir ictimai addım atmamağa çağırır. Bu arada, baş nazirin tərəfdarları Starmerin əlavə seçkilərin nəticələrini gözləmək niyyətində olmadığını və qərarı gecikdirmək istəmədiyini iddia edir.
Bundan əvvəl Britaniya baş naziri Leyborist Partiyasının yerli seçkilərdə ağır məğlubiyyətinə və partiya daxilində artan təzyiqə baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını bildirmişdi. O zaman o, Böyük Britaniyanın "qaranlıq bir yola qədəm qoymaq" riski ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi. "Bilirəm ki, insanlar ölkədəki vəziyyətdən, siyasətdən narazıdır və bəziləri şəxsən məndən narazıdır. Başa düşürəm ki, çoxları mənə şübhə edir və mən onların səhv etdiyini sübut etməliyəm", - Starmer Londonda çıxışı zamanı deyib.
Bütün bunlardan sonra onun qəfil istefa qərarı maraq doğurub.
SAMİRƏ