Ramil Məmmədli: “O zaman Azərbaycanın ard-arda taktiki hərbi üstünlükləri yekun qələbəyə gətirib çıxardı”
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə antiterror əməliyyatlarını nəzərdə tutaraq qeyd edib ki, həmin vaxt heç bir kənar qüvvə ermənilərə təzyiq etmirdi:
“Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, o zaman Azərbaycanın ard-arda taktiki hərbi üstünlükləri yekun qələbəyə gətirib çıxartdı: “Bəli, o zaman aparıcı dövlətlərin heç biri Ermənistana bu yöndə təzyiq göstərmədi. Halbuki, 44 günlük Vətən müharibəsi nəticəsində strateji üstünlük ortada idi. Azərbaycan işğal altında olan ərazilərin böyük hissəsini azad etmişdi. Həm ətraf 7 rayon azad edilmişdi, həm də Qarabağın müəyyən hissəsi. Erməni separatçıları demək olar mühasirədə idilər. Ancaq onlar Rusiya sülhməramlılarına arxalanaraq bir az da fəallaşdılar. Ermənistandan Qarabağa silah daşınaraq erməni birləşmələri yenidən qruplaşdı. Nə Rusiya, nə də digər dövlətlər bu yöndə Ermənistana təzyiq göstərmədilər. Ona görə də Azərbaycan mərhələli şəkildə strateji yüksəklikləri nəzarətə götürərək erməni separatçılarının fəaliyyət dairəsini daraltdı. 2022-ci ilin martında strateji əhəmiyyətli Fərrux dağı nəzarətə götürüldü. 2022-ci ilin Avqustunda Qisas əməliyyatı çərçivəsində Sarıbaba və Qırxqız yüksəklikləri nəzarətə götürüldü. Daha sonra Ermənistandan Qarabağa qanunsuz silah daşınmasının qarşısı alındı. Ən nəhayət 2023-cü ilin aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsi quruldu. Bu, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə əldə olunan ən önəmli nəticələrdən biridir. Laçın postunun qurulmasının iki praktiki əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Birincisi, “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı; İkincisi, erməni separatizminin tamamilə ləğv edilməsi, suverenliyimizin bərpası istiqamətində həlledici addım atıldı. Bütün bunlar nəticə etibarı ilə 2023-cü ilin sentyabrında antiterror əməliyyatlarının qısa müddətdə başa çatmasına gətirib çıxardı. Qarabağda suverenliyimiz tam bərpa edildi”.
Vidadi ORDAHALLI