Azər Həsrət: "Onların Ermənistana və Fransaya işlədiyini..."
Ötən həftə İrəvanda keçirilən Avropa Siyasi Birliyi və Avropa İttifaqı-Ermənistan sammitlər çərçivəsində İrəvana gələn Fransa prezidenti Emanuel Makron geri qayıdarkən Türkiyəyə quru sərhədlə keçmək istəyib. Türkiyə diplomatları sırasında bu ideyanı təəssüf ki, dəstəkləyənlər var idi. Amma Prezident Əliyev və Ərdoğan onun arzularının gerçəkləşməsinə imkan vermədi.
Türkiyə diplomatları arasında Makrona bu dəstəyin arxasında nə dayana bilərdi?Demək olar ki, həmin diplomatlar Ermənistanın və Fransanın maraqlarının gizli daşıyıcılarıdır? Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, qardaş Türkiyədə hamı eyni düşüncədə deyil: "Siyasətdə də, diplomatiyada da, dövlət qulluğunda da, vətəndaş cəmiyyəti və mediada da heç də hamı bizim düşündüyümüz kimi Azərbaycanı, yaxud da Türkiyəni candan sevmir. Elə insanlar da var ki, onlar üçün Azərbaycan-Türkiyə münasibətlər, yaxud Türkiyə və türk dünyası münasibətləri heç bir şey ifadə etmir. Onların düşüncələri, yanaşmaları, maraqları fərqlidir. Özəlliklə də liberrallar, solçular dediyimiz, ümumiyyətlə fərqli düşüncə sahibi olan kəsim var. Onlar belə məsələlərdə bizim kimi düşünmürlər. Belələri düşünürlər ki, Ermənistan-Türkiyə sərhədləri açılmadan belə Makron quru yolla Ermənistandan Türkiyəyə keçməli idi. Yəni bu onların düşüncəsidir. Onların Ermənistana və Fransaya işlədiyini düşünmürəm, bunu iddia edə bilmərəm, sadəcə yanaşma fərqlidir". A.Həsrət hesab edir ki, bunun bir qədər həssas məsələ olduğunu nəzərə alıb onlar bu cür yanaşma sərgiləməməlidir, amma hər kəsdən də o həssaslığı tələb edə bilmirik. "Əsas olan Türkiyə dövləti və onun prezidentidir, onun siyasi komandasıdır. Əsas odur ki, onlar Azərbaycanın bu cür həssas məsələlərinə yetərincə həssaslıq göstərirlər. Bizə bu yetər. Artıq gerdə qalan kim necə yanaşır ona bənd olmayaq. Ümumiyyətlə Azərbaycanla Türkiyə arasında münasibətlərdə çat yarada biləcək hər hansı bir yanaşmanı bir o qədər də diqqətə almamalıyıq"-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA