Akif Nağı: "Trampın dedikləri reallığa uyğun görünmür"
ABŞ prezidenti Donald Tramp WABC Radiosuna verdiyi müsahibədə İranla bağlı diqqət çəkən iddialar irəli sürüb. O bildirib ki, İran rəsmiləri ona zənginləşdirilmiş uranı ABŞ-a təhvil verəcəklərini söyləyiblər. Tramp İranın uranın zənginləşdirilməsini dayandıracağına və nüvə silahı istehsalı səylərindən imtina edəcəyinə "100 faiz" əmin olduğunu ifadə edib. Bundan əlavə, bombardman edilmiş nüvə obyektlərindən nüvə tozunu ABŞ-ın götürəcəyini bildirib və bu məsələ üzrə müzakirələrin davam etdiyini deyib. Hər hansı bir təzyiq altında olub-olmadığı sualına isə Tramp belə cavab verib: "Mən heç bir təzyiq altında deyiləm, heç nədə tələsməyəcəyik, əlimizdə çox güclü kozırlar var".
Tramp İranın heç cür qəbul etməyəcəyi bu məsələni belə iddialı vurğulamaqda hansı məqsədi güdür? Axı İran bu məsələni qəbul etmir.
Trampın bu cür iddialı açıqlamalar etməsinin arxasında bir neçə strateji məntiq ola bilər.
Əvvəla bu, klassik danışıqlar psixologiyasıdır. Tramp həmişə "güclü mövqedən danışmaq" taktikasını tətbiq edir. İranın qəbul etmədiyini bilə-bilə belə açıqlamalar etmək əslində qarşı tərəfi müdafiə mövqeyinə salmaq üçündür. İran "biz belə deməmişik" demək məcburiyyətinə düşəndə, sanki müzakirənin çərçivəsini Tramp müəyyən etmiş olur.
İkincisi, bu, daxili auditoriyaya hesablanmış bir mesajdır. Tramp öz seçici kütləsinə güclü lider imici çatdırır. "İran mənimlə danışır, mən vəziyyətə hakiməm" narrativi onun siyasi bazasını möhkəmləndirir, hətta faktiki olaraq doğru olmasa belə.
Üçüncüsü, bu, İrana edilən dolayı bir təzyiqdir. Açıq şəkildə "sizi artıq razılaşmış kimi göstərirəm" demək İranı bir seçim qarşısında qoyur: ya susmaq ki, bu razılaşma təsəvvürü yaransın, ya da kəskin inkar etmək ki, bu da gərginliyi artırsın.
Dördüncüsü, Tramp beynəlxalq ictimaiyyətə siqnal göndərir ki, İranla bağlı hərbi seçim hələ masadadır, amma diplomatik yol üstündür. Bu, müttəfiqləri və rəqibləri eyni vaxtda bir qeyri-müəyyənlik içində saxlayır.
Mahiyyətdə, Tramp faktları yox, siyasi mənzərəni idarə edir. İranın nə deyəcəyindən çox, dünyanın bu prosesi necə oxuyacağı onu maraqlandırır.
ABŞ-İran münaqişəsi ilə bağlı politoloq Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, hər iki tərəf hazırda yalnız daxili auditoriyaya hesablanmış söz davası aparır.
Politoloqa görə, müharibələrin gedişində bütün tərəflər özünü qalib kimi göstərməyə çalışır. Ötən ilin yayında 12 günlük, bu ilin yazında isə 40 günlük aktiv qarşıdurma dövrü yaşandı. Hazırda danışıqlar mərhələsi başlayıb və hər iki tərəf qalib statusu iddiasındadır. Lakin nə ABŞ, nə də İranın əlində bu statusu əsaslandıracaq tutarlı dəlil yoxdur.
Akif Nağı Trampın İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə hazır olduğu barədə bəyanatına da münasibət bildirib. O qeyd edib ki, İran tərəfi bunu açıqca rədd edir və uranın zənginləşdirilməsini davam etdirəcəyini bəyan edir. Tərəflərin irəli sürdüyü şərtlər bir-birinə tamamilə ziddir, real danışıqlar isə faktiki olaraq yoxdur.
Politoloq vurğulayıb ki, atəşkəs hər iki tərəfin mənafeyinə uyğundur. Münaqişənin davam etməsi Hörmüz boğazının bağlı qalmasına səbəb olur ki, bu da dünya iqtisadiyyatını gərginləşdirir. ABŞ-da benzin qiyməti artıb, dollar inflyasiyaya uğrayıb, ticarət dövriyyəsi isə azalır. İranın neft ticarəti də son illərin minimumuna enib.
Akif Nağının fikrincə, hazırkı "pat" vəziyyəti təxminən bir ay davam edəcək. Bu müddətdə tərəflər müttəfiq qazanmağa, koalisiya yaratmağa çalışacaq, eyni zamanda regiona hərbi qüvvə toplayacaqlar. Bir aydan sonra əməliyyatların yenidən alovlanması ehtimalı yüksəkdir. Məsələ əsaslı həllini tapmasa, ilin sonuna qədər uzana bilər.
Dəniz NƏSİRLİ