Dünya tərəfindən tanınan Liviyanın Tobruk hökuməti İŞİD-ə qarşı hava hücumları təşkil edilməsi üçün Ərəb Birliyinə müraciət edib.
Tobruk hökuməti müraciətdə İŞİD-in irəliləyişini dayandırmaq üçün ərəb ölkələrini hava hücumları keçirməyə çağırır. İŞİD-in qorxunc hərəkətlərə başladığı bildirilən müraciətdə qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının 2011-ci ildə qəbul etdiyi silah embarqosuna görə, Liviya İŞİD-in irəliləyişini dayandıra bilmir.
İordaniyanın Ərəb Birliyindəki nümayəndəsi Biser Hazavni təşkilatın Qahirədə yığıncaqda bunun müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, Liviyada Müəmmar Qəddafinin devrildiyi 2011-ci ildən bu yana toqquşmalar səngimir. Ölkədə təhlükəsizliyi təmin etmək mümkün deyil, tayfalar arası toqquşmalar və yerli qarşıdurmalar davam edir. Qarışıqlıq mühiti başda İŞİD olmaqla cihadçı və radikal qrupların güclənməsinə səbəb olur.
İslamçı radikallar keçən il paytaxt Tripolini ələ keçirərək burada öz hökumətlərini qurmuşdu. Beynəlxalq səviyyədə tanınan hökumət və məclis isə ölkənin şərqindəki Tobruk şəhərinə qaçaraq fəaliyyətlərini burada davam etdirir.