Almaniya NATO layihəsi çərçivəsində Türkiyədə yerləşdirilən Patriot raketdən müdafiə sistemlərini çıxarır. Patriotlarla yanaşı burada xidmət edən 260 alman əsgəri də yaxın aylarda Türkiyədən çıxarılacaq. Bunun səbəb kimi isə artıq Suriyadan Türkiyəyə hücum təhdidinin olmaması göstərilir.
Baki-xeber.com xəbər verir ki, Almaniyanın ardınca ABŞ da Türkiyədəki Patriotları geri çəkmək barədə qərar verib. ABŞ Dövlət Departamentindən bildirilib ki, bununla bağlı Türkiyə hökuməti də məlumatlandırılıb.
Türkiyəyə PKK və İŞİD terror təşkilatlarının hücumlarının artdığı bir vaxta ABŞ və Almaniyanın Patriotları geri çəkmək qərarı verməsi ciddi şübhələrə yol acıb. Almaniyanın "Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti yazır ki, buna Suriya məsələsində Türkiyə ilə Almaniya və ABŞ arasında fikir ayrılığı səbəb olub.
Hərbi mütəxəssisi Rainer Arnold Patriotların geri çəkilməsinə PKK-ya qarşı hava əməliyyatlarının da təsiri olduğunu iddia edir. FAZ da hökumətə yaxın qaynaqlara əsaslanaraq, Türkiyənin PKK-ya qarşı son əməliyyatlarının Patriotların geri çəkilməsinin əsl səbəbi olduğunu yazır. Digər səbəb isə Türkiyənin uzun müddət İŞİD-ə qarşı sərhəddə yetərli tədbirlər görməməsi göstərilir.
Patriotların geri çəkilməsilə bağlı qərarı şərh edən NATO rəsmisi isə Almaniyanın rəsmi səbəb kimi göstərdiyi "Suriyadan Türkiyəyə hücum təhdidinin olmaması” fikrilə razılaşmır. Adı açıqlanmayan NATO rəsmisi bildirir ki, Türkiyə üçün Suriya təhlükəsi hələ də aktuallığını qoruyur.
Anadolu Agentliyinə açıqlama verən NATO rəsmisi alyansın Almaniya və Amerikan hökumətlərinin qərarlarına hörmətlə yanaşdığını bildirib: "Suriya ordusunun keçən illərdə yüzlərlə balistik raket atdığı və bunların böyük əksəriyyətinin ölkə daxilinə düşdüyünü” deyən NATO rəsmisi, "Lakin bəzi raketlər Türkiyə də daxil olmaqla digər qonşu ölkələrin ərazisinə düşdü. Mövcud vəziyyətdə Suriya raketlərinin Türkiyə üçün yaratdığı təhdid aşağı qiymətləndirilsə də müxalif güclərə qarşı atılacaq raketlərin Türkiyəyə düşmək risqi davam edir".
"New York Times” qəzeti isə ABŞ-ın Patriot raket sistemləri qərarı ilə bağlı maraqlı məlumat yayıb. Qəzetə açıqlama verən yüksək səviyyəli ABŞ rəsmisi bildirib ki, Vaşinqton Patriot qərarını Türkiyə tərəfinə bildirmək üçün, iki ölkə arasında İncirlik hərbi hava bazası ilə bağlı danışıqlara görə bir müddət gözləyib. Amerikalılara görə, əgər razılaşmadan əvvəl bu məsələ açılsaydı ABŞ-ın Türkiyə qarşısında öhdəliklərini azaltdığına dair yanlış məlumatlar ortaya çıxa bilərdi.
Məlumata görə, Türkiyə tərəfini məlumatlandıran ABŞ rəsmiləri İncirlikdə yerləşdirilən F-16 və silahlı dronlarla (pilotsuz təyyarələrlə) Patriotdan daha güclü müdafiə zəmanəti verib. Ancaq qəzet İncirlikdə aparılan əməliyyatların Suriya rejiminə aid raket sistemlərini hədəf almaq səlahiyyətinin olmadığını xatırladır.