İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edən Fransa Prezidenti Emmanuel Makron bir neçə maraqlı məqama toxunub və əslində özünü və Fransanı ifşa edib.
Belə ki, son illərdə Ermənistanda əhəmiyyətli siyasi dəyişikliklərin baş verdiyinə diqqət çəkən Makron, Ermənistanın Rusiyanın peyki olduğunu etiraf edib: “Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkə danışıqlar masasında de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu”.
Bunu əslində Prezident İlham Əliyev illər əvvəl demişdi. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, 30 il ərzində Ermənistan müstəqil dövlət deyil, daha çox Rusiyanın regiondakı forpostu və ya "vasalı" kimi fəaliyyət göstərib.
Makron da “Ermənistan 8 il əvvəl Rusiyanın peyki kimi qəbul olunurdu” sözləri ilə əslində İlham Əliyevin illər əvvəl dediklərini etiraf etmiş oldu. Və təsdiqlədi ki, Ermənistan Rusiyanın forpostu olub.
Digər maraqlı bir məqam, 44 günlük müharibə dövründə Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Fransa Ermənistanı silahlandırır, onların təcavüzkar siyasətini davam etdirməsi üçün hər cür dəstək verir. Bu faktı da Makron təsdiqləyir.
“Rusiya 2020-ci ildə sizə kömək etmədi. O, sizi tərk etdi. Fransa isə burada idi və indi də yanınızdadır” - deyən Makron 44 günlük müharibə zamanı Ermənistana dəstək verdiyini bir daha etiraf edir.
Bütün bunlarla əslində Makron 30 il ərzində Fransanın Ermənistanın təcavüzkar siyasətinə verdiyi gizli-aşkar dəstəyi ifşa etdi. Ermənistanın satellit bir dövlət olduğunu ifşa etdi və Ermənistanın Qarabağ məsələsində əlaltı olduğunu təsdiqlədi.
Tahir TAĞIYEV