Xaqani Cəfərli: "Müharibə bitdikdən sonra sanksiyaları pozan dövlət və şirkətlər hökmən cəzalanacaq"
Murmanska dörd qaz tankeri gedir. Bunlar "Kosmos", "Luç", "Orion" və "Merkuriy" adlı gəmilərdir. Əvvəllər Omanın "Asyad Shipping" şirkətinə məxsus olan bu tankerler 110 milyon dollara türk şirkətlərinə satılıb.
Gəmilər hazırda Afrikanı dolanaraq Atlantik okeanını keçirlər. "Luç" tankerinin təyinat nöqtəsi kimi birbaşa Murmansk göstərilib. Tankerlərin yaşı təxminən 20 ildir.
Bu gəmilər sanksiya siyahısına daxil deyil, ona görə həm "Yamal SQM", həm də "Arktik SQM-2" layihəsinə xidmət edə bilərlər. "Arktik SQM-2" sanksiyalar altında olsa da artıq Çinə ixrac yolunu qurub, onun üç növbəsindən ikisi istismara verilib.
"Novatek" şirkəti 2024-cü ildən başlayaraq işlənmiş tankerləri almağa davam edir. Bu yeni partiya da həmin siyasətin davamıdır. Həmçinin bu gəmilər Ukrayna dronları tərəfindən Aralıq dənizində məhv edilmiş "Arctic Metagaz" tankerinin yerini tutacaq. O hadisədən bəri Çinə yük daşıyan gəmilər Afrikanı dolaşan daha uzun marşrutdan istifadə edir.
Deməli, Türkiyə şirkətlərinə məxsus bu gəmilər sanksiyalar altında olan Rusiya LNG-sini daşıyacaq. Bu, Türkiyə-Avropa və ABŞ-Türkiyə münasibətlərinə necə təsir edə bilər?
Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyaları pozarsa, bu, şübhəsiz ki, həm Avropa-Türkiyə, həm də ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Lakin bu sonuncu nəticə deyil.
Politoloqa görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi gec-tez başa çatacaq. Müharibə bitdikdən sonra isə ABŞ və Avropa sanksiyaları pozan dövlət və şirkətləri cəzalandırmağa başlayacaq. O qeyd edib ki, müharibə davam etdiyi üçün bu addımı atmaqdan hələlik çəkinirlər, ancaq münaqişə sona çatdıqdan sonra sanksiyaları pozan tərəflər mütləq məsuliyyətə cəlb olunacaq.
Xaqani Cəfərli bildirib ki, bunu ehtimal etmək çətin deyil - İkinci Dünya Müharibəsindən sonra baş verən hadisələr belə bir nəticə üçün kifayət qədər əsas verir. O vurğulayıb ki, hazırda ağır iqtisadi böhran yaşayan Türkiyə əlavə sanksiya və məhdudiyyətlərin öhdəsindən gələ bilməz. Buna görə də politoloq Türkiyə rəsmilərini sanksiyaları pozmaqdan çəkinməyə çağırıb.
Dəniz NƏSİRLİ