Ramil Məmmədli: “Bununla Avroparlament iki ölkə arasında sülh prosesini pozmağa çalışır”
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib ki, Avropa Parlamenti 5 il ərzində Azərbaycana qarşı 14 qərəzli qətnamə qəbul edib: “2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib. Təsəvvür edin, beş il ərzində 14 qətnamə - bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib”.
Prezident onu da qeyd edib ki, bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır: “Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir”.
Sözügedən məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Avropa Parlamenti misli görünməmiş dərəcədə Azərbaycana münasibətdə haqsız, ədalətsiz və iyrənc siyasət yeridir: “Düzdür Avroparlamentin qərarları məcburi deyil, tövsiyə xarakterlidir. Ancaq istənilən halda bu qurum bütün beynəlxalq hüquq normalarına tüpürərək Azərbaycana qarşı qərəz nümayiş etdirir. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnaməyə istinad edərək ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Avropa Parlamenti isə erməni lobbi qrupların, müəyyən xarici dairələrin əlində alətə çevrilərək Azərbaycanı hədəf alır. Ən təəccüblüsü isə odur ki, Ermənistan rəsmi səviyyədə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması fonunda, sülh prosesində dinamik proseslərin getdiyi bir dövrdə qərəzli qətnamələr dayanmaq bilmir. Azərbaycan üzərindən Ermənistana müxtəlif ölkələrin yükləri daşınır, ölkəmiz qonşu dövlətə neft və neft məhsulları ixrac edir, tərəflər sülh sazişini paraflayır, amma Avropa Parlamenti Azərbaycanı ittiham etməkdə davam edir. Sanki bununla Avroparlament Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa çalışır. Çünki ortalıqda o qədər absurd yanaşma var ki, burda hansısa məntiq tapmaq olmur. Ukrayna müharibəsi ilə əlaqədar Avropa İttifaqının Rusiya ilə münasibətləri bərbad vəziyyətdədir. Bu səbəbdən Avropanın Azərbaycanın enerji resurslarına, tranzit bağlantılarına tələbatı kəskin artıb. Azərbaycan da bu istiqamətdə əlindən gələni edir. Avropaya qaz ixracının həcmi artırılır, ölkəmiz üzərindən tranzit daşımaların miqyası hər keçən gün genişlənir. Bunun müqabilində çox sağ ol demək əvəzinə, Avropa Parlamenti Azərbaycanı qətnamələrlə “mükafatlandırır”. O üzdən, belə bir anormal yanaşmanın analoqu yoxdur”.
Vidadi ORDAHALLI