Züriyə Ruslanqızı: “...Səfər təkcə diplomatik jest deyil, həm də geoiqtisadi prioritetlərin açıq ifadəsidir”
İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri diqqət çəkən mesajlarla yadda qaldı. Meloni İrəvanda keçirilən Avropa İttifaqı-Ermənistan sammitindən dərhal sonra ölkəmizə gəldi.
Meloni Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Bakıya səfər etməsinin dünyaya nə kimi mesajları var, hansı mənanı daşıyır?
Ekspertlərin fikrincə, Meloninin səfərinin həm siyasi, həm də rəmzi əhəmiyyəti var. Ermənistanda çoxtərəfli tədbirdə iştirakdan sonra Meloni Azərbaycana səfər etməklə Azərbaycanla İtaliyanın dostluğunu və strateji tərəfdaşlığını bir daha təsdiqlədi.
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitindən dərhal sonra Bakıya səfər etməsi ilk növbədə balanslı diplomatiya mesajı kimi oxunur: “Bu addım göstərir ki, Avropa daxilində aparıcı aktorlar regionda yalnız bir tərəflə işləmək niyyətində deyil, əksinə həm Ermənistan, həm də Azərbaycanla paralel və praqmatik əməkdaşlıq xəttini qorumağa çalışırlar. Bu, xüsusilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda Avropanın vasitəçi və ya normativ güc kimi mövqeyini saxlamaq istəyi ilə bağlıdır. Meloninin Bakı səfəri Avropanın enerji, təhlükəsizlik və nəqliyyat layihələrində Azərbaycanın rolunu qəbul etdiyini və bu rolu daha da dərinləşdirmək istədiyini nümayiş etdirir.
Digər tərəfdən, bu səfər qlobal auditoriyaya daha geniş mesaj verir: Cənubi Qafqaz artıq yalnız münaqişə zonası deyil, həm də strateji əməkdaşlıq məkanıdır”.
Z.Ruslanqızının sözlərinə görə, Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi kimi layihələr fonunda Avropa üçün alternativ və etibarlı tərəfdaş kimi mövqeyi güclənir. “Meloninin İrəvan və Bakı arasında diplomatik ardıcıllıqla hərəkət etməsi həm də onu göstərir ki, Avropa aktorları regionda sülh prosesinin tərəflərini paralel şəkildə stimullaşdırmaq istəyir, lakin eyni zamanda real güc və resurs balansını da nəzərə alırlar. Bu baxımdan səfər təkcə diplomatik jest deyil, həm də geoiqtisadi prioritetlərin açıq ifadəsidir”-deyə Z.Ruslanqızı qeyd etdi.
İradə SARIYEVA