“Telegram”ın qurucusu Pavel Durova Rusiyada terrorçuluğa yardım ittihamı ilə cinayət işi açılıb. Medianın yaydığı məlumta görə, ittiham teleqram platformasında aparılan yazışmalar və fəaliyyətlə əlaqələndirilir.
Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib ki, 2022-ci ildən etibarən Rusiyada teleqram vasitəsilə baş verən 153 mindən çox cinayət qeydə alınıb. Onların bir hissəsi terrorizm və ekstremizmlə, partlayışların təşkili, hərbi komissarlıqların yandırılması və qətllərlə əlaqəli olub. Xüsusilə, 2024-cü ilin martında "Crocus City Hall"da baş verən terror aktının teleqram vasitəsilə koordinasiya edildiyi açıqlanıb.
41 yaşlı Durov hələlik onun ünvanına səsləndirilən ittihamlarla bağlı açıqlama verməyib.
Xatırladaq ki, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall"da terror aktı 2024-cü ilin martın 22-də axşam saatlarında baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq qarşısına çıxan hər kəsi güllələyib və yanğın törədib. Konsert zalının üzərindəki dam uçub. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox adam yaralanıb.
Hazırda Durova qarşı oxşar cinayət işi Fransada da araşdırılır. Ona xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina ittihamı irəli sürülüb. Milyarder isə bu ölkənin ona qarşı addımlarını tənqid edərək Fransanı "azad olmayan ölkə" adlandırıb. Durov dəfələrlə bəyan edib ki, təqibin əsl məqsədi guya hakimiyyət orqanlarının vətəndaşlar üzərində nəzarəti ələ keçirmək cəhdidir. Durov son illərdə Birləşmiş Ərəb Əmirliklərində yaşayır.
Onu da qeyd olunur ki, Durov son açıqlamasında Rusiyada teleqrama tətdiq olunan məhdudiyyətləri "vətəndaşların azadlığının məhdudlaşdırılması" adlandırıb və baş verənləri səkkiz il əvvəl İranda yaşananlara bənzədib.
İRADƏ