İranın hava hücumundan müdafiəsini bərpa etmək üçün Rusiya ilə 500 milyon avro dəyərində gizli müqavilə imzaladığı ortaya çıxıb. İddialara görə, 2025-ci ilin sonunda imzalanan nəhəng müqaviləyə əsasən, Tehrana minlərlə müasir raket və buraxılış qurğusu göndəriləcək.
“Financial Times” qəzetinin əldə etdiyi məlumata görə, müqavilə 2025-ci ilin dekabr ayında Moskvada İran və Rusiya arasında imzalanıb. Müqaviləyə əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi çatdırmalıdır. Təxminən 500 milyon avroluq müqavilə raketlərin 2027-2029-cu illər arasında üç ayrı mərhələdə İrana çatdırılmasını nəzərdə tutur.
Digər tərəfdən, mənbələr bəzi sistemlərin planlaşdırılan cədvəldən əvvəl İrana çatdırılmış ola biləcəyini bildiriblər. 2025-ci ilin iyun ayında İsrail-ABŞ-ın İrana hücumlarından və 12 günlük müharibədən sonra Tehran administrasiyasının bu müdafiə sistemlərini 2025-ci ilin iyul ayında Rusiyadan rəsmi olaraq istədiyi iddia edilir.
Qeyd edilib ki, İran bu hücumlardan sonra strateji obyektlərini qorumaq üçün müdafiə qabiliyyətlərini artırmaq məqsədilə bu tələbi irəli sürüb. “Verba” Rusiyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri kimi tanınır. Bu sistem kruiz raketlərinə və aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarına qarşı effektiv şəkildə istifadə edilə bilər.
TAHİR