Məhəmməd Əsədillazadə: “Azərbaycan Sülh Şurası xətti ilə kommersiya və investisiya sahəsində sərmayə layihələrində də iştirak edə bilər”
Trampın Qəzza Sülh Şurasında təmsil olunan 28 ölkədən birinin Azərbaycan olması ölkəmizin həm bölgədə, həm Yaxın Şərqdə və dünyada artan nüfuzunun göstəricisidir. Sülhə və təhlükəsizliyə töhfələr verən Azərbaycan dövləti Sülh Şurasında təmsil olunmaqla Qəzzanın həyatında da mühüm rol oynaya bilər. Əlbəttə, Azərbaycan Respublikası öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir.
O da məlumdur ki, Azərbaycan həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib. Gələcəkdə kommersiya şərtləri və investisiya layihələri əsasında Azərbaycan tərəfindən yatrımlar həyata keçirilə bilər.
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Sülh Şurasını yaratması yeni beynəlxalq siyasi nizamda BMT-yə alternativ qurum kimi də xarakterizə edilir. O, vurğuladı ki, dünya ənənəvi diplomatiyadan imtina edir və daha çox real, praqmatik bir sistem yaradır, bununla da münqişəli regionlarda daha səmərəli fəaliyyət göstərirlər.
“Azərbaycanın Sülh Şurasında təmsil olunması çox müsbət haldır. Azərbaycan Fələstinə həmişə dəstək olub, ora humanitar yardımlar ayırıb. Azərbaycan Sülh Şurası xətti ilə Fələstində kommersiya və investisiya sahəsində sərmayə layihələrində də iştirak edə bilər.
Amma Hikmət Hacıyevin də dediyi kimi, Sülh Şurasının fevralın 19-da keçirilən iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.
M.Əsədullazadənin sözlərinə görə, burada iqtisadi məsələlər də, siyasi və təhlükəsizlik məsələləri ilə paralel inkişaf edəcək.
İradə SARIYEVA