Əli Mustafa: “İran ya ABŞ-la uzlaşıb ortaq məxrəcə gələcək, ya da zərbələrə məruz qalacaq”
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Fransanın LCI telekanalına müsahibəsində bildirib ki, İranın zənginləşdirilmiş uranının böyük hissəsi hələ də eyni yerdə saxlanılır.
O, bu vəziyyəti ABŞ-İran nüvə danışıqlarında “əsas məqam” adlandırıb və razılığa gəlməyin bölgədə yeni hərbi əməliyyatların qarşısını almaq baxımından vacib olduğunu vurğulayıb.
Qrossi deyib ki, Tehran və Vaşinqton arasında Cenevrədə keçirilən dolayı danışıqlarda ilk dəfə real dialoq imkanları yaranıb. O, habelə, İranın ötən ilin iyun ayına qədər topladığı materialların böyük hissəsinin bombardman və hücumlara baxmayaraq qorunub saxlanıldığını qeyd edib: “Materialların harada saxlanıldığını dəqiq bilirik və iyun hücumlarından sonra zərərin dəyərləndirilməsini aparmışıq. Uran hələ də yerindədir”.
Maraqlıdır, Qrossi bu bəyanatla Trampın İrana zərbələrinə hüquqi don geyindirmək məqsədi güdə bilərmi? Sanki bununla Trampa əsas verir ki, İranı vur.
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa baki-xeber.com-a açıqlamasında bildirdi ki, Qrossi əslində AEBA-nın İranla əməkdaşlıq etdiyini, bu ölkənin nüvə proqramından xəbərdar olduğunu bildirir: “Yəni o, bununla faktı təsdiq edir. Onsuz da İranda uranın zənginləşdirilməsi ilə bağlı məlumatlar var. Hətta onun hansı həcmdə olması barədə məlumat var. Bütün bunlar bəllidir. Burada bəlli olmayan odur ki, sadəcə olaraq İran tərəfi əvvəl heç bir təhlükənin olmadığını və bonbardımanların zərər vermədiyini bəyan etdi. Sonra bir qədər fərqli məlumat verdilər və s. İndi isə Qrossi deyir ki, zənginləşdirilmiş uranın harada olmasından xəbərləri var. Bununla o, faktı etiraf edir və zatən o qurumun vəzifəsi odur. Yəni AEBA-ya səlahiyyət verilib ki, dünyadakı nüvə proqramları ilə bağlı işləri nəzarətdə saxlasın. O da var ki, Qrossini dəfələrlə Birləşmiş Ştatlara işləməkdə ittiham ediblər. Hətta İran bir müddət bu qurumun əməkdaşlarını ölkəyə buraxmadı və onları ABŞ-a, İsrailə məlumat ötürməkdə ittiham etdi. Bütün hallarda İranın vurulmasının taleyini Qrossi həll etmir. İran ya ABŞ-la uzlaşıb ortaq məxrəcə gələcək, ya da zərbələrə məruz qalacaq. Birləşmiş Ştatların İrana zərbə vuracağı ehtimalı böyükdür. Dolayı da olsa Qrossinin açıqlamasında təhrikçilik var. Açıq şəkildə deyir ki, İranda zənginləşdirilmiş uran var. Tehran da bunu inkar etmir. Bir sözlə, müharibə Vaşinqton-Tehran danışıqlarının nəticəsindən asılı olacaq”.
Vidadi ORDAHALLI