ABŞ Azərbaycanın köməyi ilə Rusiyanın Ermənistandakı təsirini azaltmaq niyyətindədir. Belə bir açıqlama ilə ABŞ Hərbi Dəniz Qüvvələri eksperti Brenda Şaffer çıxış edib: "İyun ayında Ermənistanda seçkilər, eləcə də Ermənistanın Qarabağdan imtina etməsini tanıyan konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bu məsələlər həll olunana qədər Rusiya əhəmiyyətli təsir gücünə malikdir. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Rusiya Ermənistanın hava məkanı və nüvə elektrik stansiyası da daxil olmaqla bütün strateji infrastrukturuna nəzarət edir".
Ekspert hesab edir ki, buna qarşı çıxmaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü asanlaşdırmaq niyyətindədir: "Biz həmçinin Ermənistanın Rusiyadan asılılığını azaltmaq və internet vasitəsilə yayılan Rusiyanın təsirini azaltmaq üçün fiber-optik kabellərin çəkilməsi barədə danışırıq". Rus ekspert Vladimir Şapovalov isə vurğulayır ki, Amerikanın Cənubi Qafqazda genişlənməsi ABŞ üçün ciddi və çoxşaxəli strateji addımdır: “ABŞ-ın rəqiblərini zəiflətmək üçün region üzərində nəzarətə ehtiyacı var. ABŞ-ın həmçinin regionun Rusiya və İranla sərhədlərində daimi gərginliyi qoruması lazımdır. Bu baxımdan, ABŞ-ın Cənubi Qafqaza girişi və TRIPP layihəsindəki maraqları artıq İranı şimaldan mühasirəyə almaq effekti yaradır. Axı ABŞ təkcə nəqliyyat dəhlizinin özünə deyil, həm də bütün bitişik əraziyə nəzarət etmək iddiasında olacaq. Lakin ümumilikdə, mən Cənubi Qafqazı, o cümlədən Ermənistanı və Xəzər bölgəsini Amerikanın ikinci geosiyasi prioriteti adlandırardım. Aydındır ki, onların məqsədi Xəzərin ehtiyatları da daxil olmaqla bütün regiondur. Axı Trampın ideyası bütün enerji, neft və qaz sektorunu qlobal miqyasda, bütün dünyada nəzarətdə saxlamaqdır. Və bu baxımdan ABŞ-ın daha ciddi məqsədləri var”.
Samirə SƏFƏROVA