ABŞ və Britaniya arasında İranla bağlı fikir ayrılığı yaranıb. Bildirilir ki, rəsmi London ABŞ-ın İrana hücum etmək üçün Britaniya bazalarından istifadə tələbini rədd edib.
Trampın İrana qarşı hərbi müdaxiləyə hazırlıq məqsədilə Dieqo Qarsiya və RAF Fairford hərbi bazalarından istifadə etmək istədiyi bildirilir. Bu obyektlərdə Amerikanın ağır bombardmançı təyyarələri yerləşir. Lakin Britaniyanın Baş naziri Ser Keyr Starmer Trampla razılaşmır. ABŞ və Britaniya arasındakı müqavilənin şərtlərinə görə, bu bazalar yalnız hökumətlər tərəfindən əvvəlcədən razılaşdırılmaqla üçüncü ölkələrə qarşı istifadə edilə bilər.
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabındakı paylaşımında bildirib ki, "Əgər İran (nüvə proqramı ilə bağlı) razılaşmamaq qərarına gələrsə, ABŞ-ın yüksək dərəcədə qeyri-sabit və təhlükəli bir rejimin potensial hücumunun qarşısını almaq üçün Dieqo Qarsiyadan və Fairforddakı aerodromdan istifadə etməsi lazım gələ bilər" - deyərək, Britaniyanın roluna diqqət çəkib.
Bildirilir ki, yaxın bir neçə gün ərzində hərbi müdaxiləyə əl atıb-atmamaq barədə qərar verəcəyini bildirən Tramp, Britaniyadan və digər dost ölkələrdən kömək istəyir.
“The Times” qəzeti hökumət mənbələrinə istinadən Britaniyanın İrana hücum planını dəstəkləmədiyini bildirib. Lakin bununla belə ABŞ-la İran arasında davam edən siyasi prosesləri dəstəkləyən Britaniya, İranın nüvə silahı hazırlamasına qarşı çıxır. Digər tərəfdən, Britaniya ABŞ-ın sözügedən bazalardan istifadəsinin beynəlxalq hüququn pozulması kimi dəyərləndirilə biləcəyindən narahatdır.
Beynəlxalq hüquq hücumu həyata keçirən dövlətlə onu dəstəkləyən dövlətlər arasında heç bir fərq qoymur, bir şərtlə ki, sonuncu "beynəlxalq hüququ pozan hərəkətin şərtlərindən xəbərdar olsun". Dolayısı ilə hücumu həyata keçirən dövlət və onu dəstəkləyən dövlət atılan addımlara görə eyni dərəcədə məsuliyyət daşıyır.
Hind okeanındakı Çaqos adalarının ən böyüyü olan Dieqo Qarsiyadakı hərbi baza, ABŞ-ın İrana hücum təhdidlərindən sonra yenidən diqqət mərkəzinə gəlib. ABŞ və Böyük Britaniya tərəfindən birgə istifadə edilən bu baza, Hind, Sakit okeanı, Yaxın Şərq və Afrikanın bəzi yerlərində hərbi mövcudluğunun qorunmasındakı əsas rolu ilə tanınır. Bazada böyük hərbi yük təyyarələrini qəbul edə bilən uçuş-enmə zolağı və təyyarədaşıyan gəmilərin lövbər sala biləcəyi liman var.
Tahir TAĞIYEV