Samir Hümbətov: “O, Avropa və ABŞ münasibətlərini yumşaltmaq üçün addımlar atıb”
ABŞ-nin dövlət katibi Marko Rubionun Münhen Təhlükəsizlik Konfransında Avropa ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açır. O, çıxışında Avropa ilə ABŞ arasında bağların qopmayacağını vurğulayıb: “Taleyimiz sizin taleyinizlə ayrılmaz şəkildə bağlıdır və belə də qalacaq. Vətənimiz Qərb yarımkürəsində ola bilər, lakin biz hər zaman Avropanın övladları olaraq qalacağıq”.
Rubionun Avropa ilə bağlı yumşaq çıxışını təhlil edən ekspertlər bildirir ki, ABŞ-ın Dövlət katibi bu fikirləri prezident Tramın tapşırığı ilə səsləndirib.
ABŞ Dövlət katibi Rubionun Münhen Təhlükəsizlik Konfransında çox yumşaq çıxışı Trampın Avropa müttəfiqləri ilə münasibətlərini qaydaya sala bildimi?
Qeyd edək ki, ötən il Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezident Ceyms Vens Avropanı tənqid edən fikirlər səsləndirib kobud şəkildə təhqir etmişdi. Vens demişdi ki, sizdə demokratiyanın yoxdur, Avropanın düşməni Rusiya deyil, siz özünüzsünüz, Avropa məhv olub gedib və sair.
Ekspertlərə görə, bu dəfə isə Tramp Rubionu göndərdi ki, vəziyyəti bir az yumşaltsın.
Bu çıxış Tramp və Avropa dövlətləri arasında münasibətləri tənzimləyə bildimi?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov baki-xeber.com-a bildirdi ki, Rubio yumşaq şəkildə yox, sərt danışsaydı belə Avropanın ABŞ-a qarşılıq verməyə gücü yetərli deyil.
“Avropa belə bir vəziyyətdədir ki, Amerika ən sərt şəkildə təhqir də etsə Avropanın ABŞ-a qarşı çıxmaq potensialı yoxdur. Amma düşünmürəm ki, Rubio da orada təhqirə yol verərdi. Çox ehtimal ki, o, Avropa və ABŞ münasibətlərini yumşaltmaq üçün addımlar atıb. Amma hətta Rubio o addımı atmasaydı da belə Avropanın ABŞ-la baş-başa gəlmək potensialı çox aşağıdır. İndiki halda ABŞ-ın Avropa üzərində təsirini nəzərə alıb demək mümkündür ki, ABŞ hətta üzr istəməsə belə Avropa ona hər hansı bir formada təsir etmək qabiliyyətinə malik deyil”.
S.Hümbətovun sözlərinə görə, çox böyük ehtimal ki, bunun təsirləri də zaman-zaman Avropa liderlərinin Tramp və digər ABŞ prezidentləri qarşısında tutduqları mövqe ilə bəlli olur. “Ona görə də mən düşünmürəm ki, təsir edə bilər.
ABŞ Avropa ilə xüsusilə də indiki dövrdə çox gərgin münasibət istəmir. Çünki Avropa Çinə yaxınlaşma siyasətinə keçə bilər ki, bu da son nəticədə ABŞ-ın maraqlarına uyğun deyil. Amma belə götürəndə Avropanın ABŞ-la baş-başa gəlməsinə hələ ki, şərait yoxdur”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA