Ramil Hüseynov: “İran malik olduğu ballistik raketləri həmin gəmilərə yönəltsə belə, bunun nəticəsi olmayacaq”
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa cavab verib. Xamenei çıxışında bildirib ki, Tramp davamlı şəkildə ABŞ ordusunun dünyada ən güclü olduğunu deyir:
“Amma dünyanın ən güclü ordusu da bəzən elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz. Hər dəfə İrana döyüş gəmisi göndərdiklərini deyirlər. Əlbəttə ki, bu döyüş gəmiləri çox təhlükəlidir. Lakin gəmilərdən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır. ABŞ Prezidenti son çıxışlarından birində 47 ildir İslam Respublikasını məhv edə bilmədiyindən öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır”.
Maraqlıdır, İranın həqiqətən də təyyarə daşıyan gəmiləri batıra bilən silahları varmı? Ola bilərmi İranın belə bir imkanı var?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov İranın belə bir silahlara malik olduğunu istisna etdi: “Lap belə bir silaha malik olsa belə, bunun nəticə verəcəyi real deyil. Niyə? Məsələ ondadır ki, təyyarə daşıyan gəmilərin hərbi imkanları geniş olur. Həmin gəmiləri sualtı qayıqlar mühafizə edir. Yəni digər sualtı gəmilərdən torpeda raketlərinin vura biləcəyi zərbələri önləmək üçün. Bundan başqa həmin gəmilərdə hava hücumundan müdafiə raketi olan “Petriot” batareyaları yerləşir. Güclü radiolokasiya sistemləri olur. Həmçinin alçaq hündürlükdən uçan raketləri vurmaq üçün vasitələr olur. Üstəlik, gəmilərdən havaya qaldırılan qırıcı təyyarələr də mühafizəni təşkil edəcək. İran malik olduğu ballistik raketləri həmin gəmilərə yönəltsə belə, bunun nəticəsi olmayacaq. Həmin raketlər vurulacaq. O dərəcədə təyyarə daşıyan gəmilərin mühafizəsi yüksək səviyyədə təmin olunub. Üstəlik, Birləşmiş Ştatların hərbi peykləri də təyyarə daşıyan gəmilərin qorunmasında iştirak edirlər. Bütün bunlardan sonra İran ABŞ gəmilərini necə batıracaq? Ona görə də hesab edirəm ki, İran tərəfindən bu deyilənlərin real əsası yoxdur. Xamenei bununla Trampı qorxutmağa çalışır. Son vaxtlar Çinin və Rusiyanın İrana bəzi silahları ötürməsi barədə məlumatlar var. Görünür bu, İran hakimiyyətini cəsarətləndirib. Ancaq istənilən halda İrana zərbə endirilsə, nəticələri ağır olacaq. Çünki sanksiyalar ölkə iqtisadiyyatını çox ağır duruma salıb. Belə bir şəraitdə İran müharibənin törədə biləcəyi fəsadları qaldıra bilməyəcək”.
Vidadi ORDAHALLI