Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan və Rusiya ilə isti münasibətləri olan hər hansı üçüncü ölkənin Ermənistan dəmir yolunu idarə etmək üçün Rusiyadan konsessiya hüququ ala biləcəyi barədə açıqlamasına cavab verib. Armenpress-in məlumatına görə, məsələni 18 fevralda keçirilən brifinqdə qaldıran Zaxarova bu açıqlama ilə razılaşmayaraq qeyd edib ki, bu müddət ərzində "Cənubi Qafqaz Dəmir Yolları" QSC nəinki müqavilə öhdəliklərini yerinə yetirib, həm də infrastruktura və dəmir yolu vaqonlarına əhəmiyyətli dərəcədə sərmayə qoyub və çoxlu sayda iş yeri yaradıb.
Zaxarova hesab edir ki, Rusiya operatoru Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onu rəqabət qabiliyyətli edir. Rusiyanın Ermənistan və Azərbaycan arasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq dəstəklədiyini bildirən Zaxarova əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində regional kommunikasiya və infrastrukturun inkişafı üçün əhəmiyyətli işlər görülüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə qeyd etmişdi ki, Ermənistan dəmir yolu Rusiya Federasiyasının nəzarəti altındadır və təəssüf ki, Rusiya ilə bir çox ölkə arasında münasibətlər gərgindir: “Amma biz deyirik ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və Rusiya regional layihələrimizə maneə yaratmaq istəmir və yaratmayacaq. Mən bu barədə Rusiya prezidenti ilə də danışdım; bilirəm ki, o bütün bu proqramları dəstəkləyir. Problem ondadır ki, bir sıra ölkələrdə, Naxçıvandan sonra dəmir yolu Rusiyanın nəzarəti altında olduğundan, Ermənistan vasitəsilə tikintini davam etdirməyə ehtiyac olmadığı fikri getdikcə yayılır".
Baş nazir hazırkı vəziyyətdə Ermənistanın strateji mövqeyini və rəqabət üstünlüklərini itirdiyini qeyd edib.
SAMİRƏ