Xaqani Cəfərli: "Hörmüz boğazının bağlanması diplomatik danışıqlara mane olmaq məqsədi daşıyır"
"Fars News"in yaydığı məlumata görə, SEPAH-ın dəniz təlimləri çərçivəsində Hörmüz boğazının bəzi hissələrinin qısa müddətə bağlanması daha çox hərbi-siyasi mesaj xarakteri daşıyır. Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biridir və burada atılan hər addım beynəlxalq bazarlarda həssas reaksiya doğurur.
Bu cür addımı müəyyən mənada “nəbz yoxlama” kimi də qiymətləndirmək olar, çünki İran belə manevrlərlə həm regional, həm də qlobal güclərin reaksiyasını ölçür, eyni zamanda strateji imkanlarını nümayiş etdirir. Lakin uzunmüddətli və real bağlanma ciddi hərbi-siyasi eskalasiya və enerji qiymətlərində kəskin artım demək olardı. Ona görə də qısa müddətli bağlanmalar daha çox siqnal xarakterli addım kimi dəyərləndirilir.
Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, Cenevrədə İran və ABŞ nümayəndə heyətlərinin danışıqlar apardığı bir zamanda İslam İnqilabı Keşkiçikləri Korpusu (SEPAH) dəniz təlimləri keçirərək Hörmüz boğazını lokal şəkildə bağlaması iki məqamdan xəbər verir: "Birincisi, Prezident Məsud Pezeşkianın başında dayandığı mülki hakimiyyətdən fərqli olaraq İranda əsas söz sahibi olan dini hakimiyyət və ona bağlı strukturlar, o cümlədən SEPAH güzəştlərin əleyhinədir və Hörmüz boğazının bağlanamsı da diplomatik danışıqlara maneə olmaq məqsədi daşıyır. İkinci məqam isə onunla bağlıdır ki, etirazlar zamanı xalqa divan tutmuş rejim Hörmüz boğazındakı hərbi təlimlə ölkə əhalisini də qoruxmağa çalışır. Bununla SEPAH ABŞ-dan qorxmadıqlarının mesajını verdiyini düşünür.
Əlbəttə, burada mümkün hərbi əməliyyatlar öncəsi hərbi birləşmələrin döyüş qabliyyətini yoxlamaq məqsədi də var. Bütövlükdə İranın hazırda atdığı addımlar öncədən müəyyən olunmuş siyasətdən deyil, özünüqoruma refleksi ilə atılan addımlardır".
Akif NƏSİRLİ